00:00:00
Yazar
Admin User
20.08.2025 13:01 87 3 dəq oxuma
Siyasət

Avropa Gürcüstanı bununla şantaj edir

Avropa Gürcüstanı bununla şantaj edir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, tədqiqatlar ölkənin inteqrasiyaya hazır olduğunu sübut etsə də, Avropa Gürcüstanı ikinci cəbhə açmaqdan imtina etdikdən sonra AB-yə üzvlüklə şantaj etməyə başlayıb.


"2022-ci ildə biz müharibəyə qoşulmaqdan imtina etdik və bundan sonra tamamilə eşidilməmiş şantaj başladı. Əvvəla, bizə heç bir əsas olmadan namizəd statusu verilmədi, sonra da dəfələrlə Gürcüstanın bütün namizəd ölkələr arasında ən qabaqcıl olduğunu etiraf etdilər", - Kobaxidze deyib.


Onun sözlərinə görə, avropalı siyasətçilər Gürcüstanda nifrət yaratmaq üçün hər şeyi edirlər.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Kobaxidzenin fikirlərində həqiqətlər görünür:


“Kobaxidzenin fikirlərində kifayət qədər həqiqət var. Nəzərə alsaq ki, 2022-ci ildə Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb və o zaman Qərb ölkələri Avropa İttifaqı Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhənin açılmasını tələb edib. Gürcüstan hakimiyyəti bu tələbləri yerinə yetirmədi və ikinci cəbhəni açmadı. Çünki bunun hansı nəticələrə gətirib çıxara biləcəyini hesablamışdı. Məhz bunun üzərindən Gürcüstanla AB arasında münasibətlər gərginləşməyə başlayır və AB Gürcüstanın daxili işlərinə ciddi şəkildə müdaxilə etməsi ilə Gürcüstan hakimiyyətinin sərt müqaviməti ilə üzləşir. Bunun ardınca Gürcüstan parlamentinin qəbul etdiyi həm xarici agentlər haqqında, o cümlədən LGBT-lər haqqında milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanunların qəbulu AB və Gürcüstan arasında münasibətlərin, demək olar ki, ciddi şəkildə korlanmasına gətirib çıxarır. Məhz AB-nin dəstəklədiyi, Qərbin dəstəklədiyi siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının uzunmüddətli etiraz aksiyaları nəticə vermədiyindən AB Gürcüstanda keçirilən 2024-cü il parlament seçkilərinə müdaxilə etməyə və hakimiyyəti küçə etirazları ilə devirə bilmədiyindən bunu seçkilər vasitəsilə etməyə çalışsa da, buna da nail ola bilmir və bunun ardınca hökumətin legitim olmadığını bəyan edir. Gürcüstanın prezidentini dəstəkləyərək faktiki olaraq ölkədə siyasi böhran yaratmaq cəhdlərinə başvurur. Amma bunlar da nəticə vermir. Sonra Gürcüstana qarşı müəyyən sanksiyalar tətbiq olunur. Onun üzvlük məsələsi dondurulur və Gürcüstana edilən yardımlar kəsilir. Bunun hamısının səbəbi, əlbəttə ki, geopolitik məsələlərdir. Qeyd etdiyimiz kimi, Gürcüstanın Rusiya-Ukrayna savaşında ikinci cəbhəni açmaması AB-ni qəzəbləndirir və məhz bunun üçün Gürcüstan ciddi təzyiqlərə məruz qalır. Bunun ardınca da biz Gürcüstanın daxili işlərinə müdaxilələri gördük. Faktiki olaraq, AB-yə üzv olan ölkələrin xarici işlər nazirlərinin, səfirlərinin etiraz aksiyalarına qatılmaları, buna açıq dəstək vermələri bir ölkənin suverenliyinə qarşı ciddi hörmətsizlik kimi də dəyərləndirilməlidir. Yəni AB-nin eyni zamanda Gürcüstan cəmiyyətinə xas olmayan dəyərlərin zorla qəbul etdirilməsi kimi cəhdlərə də başvurması Gürcüstanda etirazlarla qarşılanıb ki, bu da tərəflər arasında, necə deyərlər, iplərin qopmasına gətirib çıxarır. Hər halda, hazırda proseslər dəyişməkdədir və Gürcüstan da, düşünürəm ki, yaxın dövrlərdə dəyişən şərtlərə uyğun olaraq AB ilə münasibətləri bərpa etməyə nail olacaq”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər