“Avropa İttifaqı çoxsəviyyəli diplomatik quruluşdur və fikir ayrılıqları normal sayılır”
Avropa Birliyi (AB) ölkələrinin səfirləri Brüsseldə keçirilən iclasda vacib qərarlarla bağlı razılığa gələ bilməyiblər. Görüş uzun müzakirələrə baxmayaraq nəticəsiz başa çatıb. Məlumata görə, üzv ölkələr arasında mövqelərin fərqli olması səbəbindən bir sıra strateji məsələlərin qəbulunda çətinlik yaranıb. Bu isə Avropa İttifaqında son dövrlərdə artan fikir ayrılıqlarını bir daha üzə çıxarıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqında qərarların qəbul mexanizmi konsensus prinsipinə əsaslandığı üçün bu cür vəziyyətlər istisna deyil:
“Avropa İttifaqında bütün qərarlar razılaşma və konsensus əsasında qəbul olunur. Yəni bir ölkə belə etiraz edərsə, qərar rəsmiləşdirilə bilmir. Bu sistem bir tərəfdən demokratik görünür, çünki hər üzv dövlətin səsi bərabər sayılır, amma digər tərəfdən operativliyi azaldır və mühüm qərarların gecikməsinə səbəb olur. İndiki vəziyyətdə də məsələ ondan ibarətdir ki, bir sıra dövlətlər, xüsusilə iqtisadi və təhlükəsizlik məsələlərində, bir-birindən fərqli mövqe tutur. Məhz bu fikir ayrılıqları nəticəsində səfirlər razılığa gələ bilməyiblər. Bu vəziyyət Avropa İttifaqının ümumi qərarvermə mexanizminə mənfi təsir göstərə bilər. Belə halların tez-tez baş verməsi Aİ-nin effektivliyini azaldır. Qərarların qəbulunun ləngiməsi Avropa Birliyinin çevikliyini məhdudlaşdırır və beynəlxalq səviyyədə onun siyasi çəkisini zəiflədir. Çünki müasir dünyada hadisələr çox sürətlə baş verir və bəzən operativ qərar qəbul etmək tələb olunur. Lakin Aİ-nin bu mexanizmi qərarların aylarla, bəzən illərlə təxirə salınmasına gətirib çıxarır. Bu isə həm iqtisadi, həm də təhlükəsizlik baxımından risk yaradır. Səfirlərin razılığa gələ bilməməsi Avropa Birliyi daxilində birliyin gələcəyi üçün də müəyyən təhlükələr doğura bilər”.
Həmçinin şərhçi qeyd edib ki, Avropa İttifaqı tarixi boyu bir çox daxili ziddiyyətlərlə üzləşib:
“Xüsusilə də son illərdə mühacirət siyasəti, enerji asılılığı və Rusiya-Ukrayna müharibəsi fonunda bu fərqliliklər daha da dərinləşib. Əgər bu cür fikir ayrılıqları davamlı hal alarsa, gələcəkdə bəzi ölkələr Aİ-nin ümumi siyasətindən uzaqlaşa bilər. Böyük Britaniyanın qurumu tərk etməsi bunun ən bariz nümunəsidir. Bundan əlavə, sağçı və millətçi qüvvələrin Avropada artan təsiri də birliyin gələcəyi üçün risk yaradır. Bu qüvvələr Avropa İttifaqının mərkəzləşdirilmiş qərarlarını tənqid edir və milli suverenliyin daha ön planda olmasını tələb edirlər.Bu gərginliklərə baxmayaraq, Avropa Birliyi hələ də öz daxili mexanizmləri ilə mövcud problemləri həll etməyə qadirdir. Avropa İttifaqı çoxsəviyyəli diplomatik quruluşdur və fikir ayrılıqları normal sayılır. Bu, İttifaqın parçalanacağı anlamına gəlmir. Əksinə, Brüssel rəhbərliyi bu kimi halları dialoq və kompromis yolu ilə həll etməyə çalışır. Hər hansı qərar qəbul olunmasa belə, bu məsələ gündəmdən çıxarılmır. Sadəcə, danışıqlar uzanır və tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün əlavə görüşlər keçirilir. Aİ bu prosesləri dayandırmır, sadəcə onları daha dərin müzakirəyə yönəldir”.
Son olaraq politoloq vurğulayıb ki, bu cür fikir ayrılıqları Avropa Birliyinin gələcək idarəetmə modelinə də təsir göstərə bilər:
“Hazırda Brüsseldə bəzi dairələrdə konsensus prinsipinin dəyişdirilməsi, yəni qərarların səs çoxluğu ilə qəbul olunması barədə təkliflər səslənir. Əgər bu model qəbul edilərsə, Aİ-nin qərarvermə prosesi daha sürətli ola bilər, amma eyni zamanda kiçik ölkələrin təsir imkanları azalacaq. Bu isə yenidən balanssızlıq və yeni mübahisələr doğura bilər. Ona görə də Aİ üçün ən real yol kompromis və qarşılıqlı etimadın qorunmasıdır. Əks halda, daxili parçalanma təhlükəsi artar və bu, birliyin siyasi çəkisini zəiflədər. Avropa İttifaqı qarşıdakı aylarda diplomatik dialoqa üstünlük verəcək və fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində yeni mexanizmlər hazırlayacaq. Bu cür situasiyalar Avropa İttifaqı üçün yeni deyil. Əsas məsələ odur ki, tərəflər danışıqlardan imtina etmir və daim ortaq mövqe axtarırlar. İttifaq daxilində belə bir siyasi mədəniyyət formalaşıb. Yəni razılıq əldə edilməsə belə, heç bir qərar tamamilə rədd edilmir, sadəcə, təkmilləşdirilərək yenidən müzakirəyə çıxarılır. Bu baxımdan, səfirlərin razılığa gələ bilməməsi daha çox texniki məsələdir və gələcəkdə kompromis yolu ilə həll olunacağı gözlənilir”.
Ayşə Müzəfərli
