Avropa İttifaqı Rusiya qazından imtina edir
Avropa İttifaqı Şurası və Avropa Parlamenti 2027-ci ilə qədər Rusiya təbii qazının mərhələli olaraq idxalından imtina barədə ilkin razılaşmaya gəliblər, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında bildirilib.
"Bu, bizim və bütün Avropa üçün böyük qələbədir. Biz Rusiyadan qaz asılılığını dayandırmalıyıq və daimi qadağa vacib addımdır", - deyə Danimarkanın İqlim və Energetika naziri, Avropa İttifaqı Şurasına sədr edən Lars Ogaard bildirib.
Plan mövcud müqavilələr üçün keçid dövrünü nəzərdə tutur. 17 iyun 2025-ci ilə qədər bağlanmış qısamüddətli müqavilələr üçün idxal qadağası 2026-cı il aprelin 25-dən LNG üçün və 2026-cı il iyunun 17-dən kəmər qazı üçün qüvvəyə minəcək.
LNG-nin uzunmüddətli təchizat müqavilələri üçün qadağa 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Kəmər qazı üzrə uzunmüddətli təchizat müqavilələri isə kifayət qədər ehtiyat olduğu halda 2027-ci il sentyabrın 30-dan dayandırılacaq.
Qadağanın icrasına nəzarət etmək üçün Avropa İttifaqı idxal üzrə əvvəlcədən icazə sistemi tətbiq edəcək.