00:00:00
Yazar
Admin User
22.09.2025 17:18 105 3 dəq oxuma
Siyasət

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi

Avropa İttifaqı Rusiya ilə bağlı yeni sanksiyalar paketini hazırlayıb. Sanksiyalar Rusiyanın mayeləşdirilmiş təbii qazı, bank əməliyyatları, kriptovalyuta əməliyyatları və kölgə donanmasını hədəf alır. Bu addım Rusiyanın Avropaya qarşı hərbi və iqtisadi fəaliyyətlərinə cavab olaraq atılır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimalı "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiya ilə bağlı qəbul etdiyi yeni sanksiya paketinə baxdıqda, bu paket bir sıra xüsusiyyətlərinə görə əvvəlki sanksiya paketlərindən fərqlənir:

 

"Burada söhbət əsasən Rusiyadakı enerji resurslarına qarşı sanksiyalardan gedir. O cümlədən kriptovalyuta Rusiyanın maliyyə imkanlarını artıran məsələlərdən biri idi. Ümumiyyətlə, bu sanksiyalar beynəlxalq maliyyə bazarında Rusiyanın mövqeyini zəiflətəcək. Ən əsas məsələ də 'kölgə donanması' məsələsidir. Bu Rusiya enerji resurslarını müxtəlif adlar altında Rusiyadan alıb Avropa vasitəsi ilə bazara çıxaran şəbəkədir. Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra enerji resurslarını həm də bu yollarla satırdı. Bu bütün dünyaya məlum idi. Amma bu məsələ üzərində çox dayanmırdılar, çünki Avropanın özünün də buna böyük ehtiyacı var idi. Amma indi Avropa müəyyən qədər enerji idxal edib. Ukrayna məsələsində yaranmış kritik məqama baxanda bir növ Avropa bu yolla kəskin addımlar atmaq niyyətindədir. Məqsəd təkcə Rusiyanın qarşısını almaqdan ibarət deyil. Çünki indiyə qədər olan prosesdə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Ukrayna müharibəsinin dayanmasına səbəb ola bilmədi. Hesab edirəm ki, məqsəd ABŞ-nin mövqeyinə təsir etməkdir. Tramp da bildirib ki, əgər Avropa İttifaqı ABŞ-nin Rusiyaya sanksiyalar tətbiq etməsini istəyirsə, o zaman Avropa İttifaqı ilk olaraq özü Rusiyanın enerji resurslarına qarşı addımlar atmalıdır. Bu sanksiyalar paketi bir növ Trampın irəli sürdüyü arqumenti sıradan çıxarmaq və Tramp Administrasiyasının Ukrayna məsələsində Avropa ilə birlikdə hərəkət etməsinə sövq etmək məqsədi daşıyır. Fikrimcə, bu sanksiyalar Rusiya iqtisadiyyatına böyük təsir edə bilər. Bunun nə qədər effektiv olması hələ də sual altındadır. Çünki Rusiya 3 illik müharibə müddəti ərzində sanksiyalara qarşı mübarizənin yollarını tapa bilib. Faktiki olaraq, bütün Qərb mediası və Qərb ölkələri gözləyirdi ki, Rusiya iqtisadiyyatı çökəcək, amma bu baş verməyib. Hətta Rusiyanın daxili istehsalı artırması, o cümlədən maliyyə əməliyyatlarında yeni vasitələr tapması, həm də yeni bazarlara çıxması məsələsində böyük irəliləyişlər əldə edib".

 

Siyasi şərhçi həmçinin qeyd edib ki, bu sanksiyalar kəskin olan münasibətləri daha da kəskinləşdirəcək:

 

" Rusiya bunu bir növ Avropanın Rusiyaya qarşı əsas həmləsi kimi qiymətləndirərək, əks cavablar verə bilər. Biz son vaxtlar Rusiyanın Polşaya və Ruminiyaya dron hücumlarını müşahidə edirik. İstisna deyil ki, Rusiya tərəfi belə hücumları intensivləşdirərək, Avropanın təhlükəsizliyini təhdid edə bilər. Rusiyanın yenə bu sanksiyalarda yayınmağın yollarını tapmağa çalışacaq. Misal üçün, Ermənistan bu məsələdə Rusiyaya böyük bir dəstək verib. Rusiyaya lazım olan məhsulları Rusiyanın pulu ilə alıb, sonra Rusiyaya ixrac edib. Son 3 ildə Rusiya ilə Ermənistan arasında baş tutan ticarət dövriyyəsinin fantastik şəkildə artmasının əsas səbəbi də budur. Məsələ burasındadır ki, Ermənistan Avropanın dəstəklədiyi ölkədir. Ermənistanın bu cür addımlarına qarşı Avropadan heç bir reaksiya verilməyib. Hesab edirəm ki, Rusiya Ermənistan başda olmaqla, müxtəlif ölkələrdən platforma kimi istifadə edə bilər. Bu prosesdə Rusiyanın kifayət qədər təcrübəsi də var".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər