Avropa rəqabət gücünü itirərsə, qlobal nəhənglərin təsiri altına düşəcək
Merts gələn həftə Brüsseldə keçiriləcək Avropa liderləri sammiti ərəfəsində bloku ciddi iqtisadi islahatlara başlamağa çağırıb və əks halda qlobal əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalacağını bildirib. “Bu, bizim ölkəmizin və Avropa ölkələrinin gələcəyi üçün həyati önəmlidir, çünki qarşıdakı həftələrdə, aylarda və bəlkə də bir neçə il ərzində qərar veriləcək: Avropa qlobal iqtisadiyyatda müstəqil güc olaraq qalacaq, yoxsa Asiya və Amerika kimi böyük iqtisadi mərkəzlərin əlaltısına çevriləcək”, – Merts vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, Avropa qitəsində baş verən son hadisələr olan Rusiya-Ukrayna müharibəsi iqtisadi cəhətdən Avropanı çox zəiflədib, üstəlik ABŞ-nin Avropa İttifaqından tələbləri, ABŞ-Aİ ziddiyyətləri getdikcə artır, təhlükəsizlik səbəbindən ABŞ Avropa İttifaqından müdafiə məqsədilə ümumdaxili məhsuldan daha çox maliyyənin ayrılmasını istəyir:
"Digər tərəfdən Çinin iqtisadi cəhətdən güclənməsi Avropa mallarına dünyada tələbatı ciddi şəkildə azaldır. Bütün bu amillər Avropa iqtisadiyyatına ciddi şəkildə təsir edir. Bele görünür ki, Avropa həm gələcək təhlükəsizliyi, həm də gələcək iqtisadi durumu ilə bağlı tədbirlər görmək məcburiyyətində qalıb və əgər Almaniya Kanslerinin bildirdiyi kimi Aİ daxilində təcili islahatlar aparılmasa artıq bu təşkilatın gələcək taleyi sual altına düşə bilər. Çünki hər kəs görür ki, Avropada baş verən müharibə və iqtisadi çətinliklər qitə ölkələrində ciddi parçalanmalara yol aça bilər. Artıq İspaniya kimi bəzi Avropa ölkələri NATO-ya əvvəlki qədər maliyyə köçürmək niyyətində deyillər, çünki bunlar Aİ ölkələrinin iqtisadiyyatlarına ciddi şəkildə təsir edir. Avropa İttifaqının əsas narahatçılıqları qeyd olunduğu kimi ABŞ və Çin kimi iqtisadi nəhənglərin və digər regional güclərin təsiri altına düşməkdir. Belə olan halda Avropanın gələcək monolitliyi və gücü şübhə altına düşmüş olacaq. Əlbəttə bu halın baş verməsi dünya nizamına ciddi təsir edəcək və güc balansını dəyişəcək. Bunun tezliklə baş verməsi gözlənilən olmasa da, bu istiqamətdə proseslərin getdiyini demək olar. Çünki NATO, Aİ və digər beynəlxalq təşkilatlar Avropada yerləşir, bu qitədə sistemin çökməsi dünya və beynəlxalq münasibətlər sistemində ciddi iz buraxacaq. Dünyada iqtisadi vəziyyətin getdikcə çətinləşməsi artıq Avropa İttifaqını ciddi islahatlar həyata keçirmək haqqında düşündürür. Təbii ki, Avropa İttifaqı hələ bir müddət qlobal iqtisadiyyatda müstəqil güc olaraq qalacaq, çünki Avropa məkanı elmi, təhsil, maliyyə və digər texnoloji imkanlarına görə qlobal miqyasda öndə gedir. Lakin dünya və regional güclər müxtəlif vasitələrlə, xarici hərbi münaqişələr və iqtisadi savaşlarla Avropa İttifaqını zəiflətməyə çalışır. Digər tərəfdən bu xarici faktorlarla yanaşı Avropa daxilində miqrasiya və siyasi, sosial iqtisadi problemlər və gərginliklər daxili böhranların dərinləşməsinə səbəb olur".
Aişə Mustafayeva
