Avropa Rusiyaya yeni sanksiyalar paketini təsdiqləyib
Avropa Komissiyası Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketini təsdiqləyib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyanı əlbəttə digər ölkələrlə yaxınlaşmağa yönləndirir:
“Amma bütün hallarda onlar əslində Rusiyanın ənənəvi müttəfiqləri olmaqla yanaşı, həm də ticarət ortaqlarıdırlar. Çinlə isə münasibətlər artıq xeyli müddətdir ki, dərinləşə-dərinləşə gedir. İndi də Avropa İttifaqının Rusiyanın sıxışdırması onu nə qədər çox çarəsiz vəziyyətə salırsa da bir o qədər digər tərəfə yaxınlaşdırır. Yəni bütün hallarda Rusiya-Çin yaxınlaşmasında Avropa İttifaqının və ABŞ-nin tutduğu mövqelərin rolu var. Çarəsiz vəziyyətdə olan Rusiya Şərq blokuna daha da yaxınlaşır. Hətta Çinin təsiri altına düşür deyə bilərik. Bu proses xeyli vaxt davam edir. Əslində Ukrayna savaşından öncə də Rusiya ilə Çin arasında bir şeylər baş verib. Amma hazırda Qərb və NATO ilə Rusiyanın qarşıdurması Çin ilə Rusiyanın yaxınlaşmasını bir az da sürətləndirib. Digər tərəfdən Çin həm də Amerika ilə rəqibdir. Amerikanın da Çinin zaman-zaman özünə hədəf seçməsi, həm də bu prosesi sürətləndirir. Lakin vacib məqam da var. Baş verən hadisələr fonunda Rusiyanın sıradan çıxması da, Rusiya ilə daha yaxından çalışmaq və Rusiyanı mümkün qədər özü ilə yaxınlaşmağa vadar edir. Yəni Çin başa düşür ki, Rusiya nə qədər çox duruş gətirəcəksə, bir o qədər Çin hədəfdə olmayacaq. Ona görə də bu yaxınlaşma baş verir”.
Həmçinin şərhçi Avropa və Rusiya münasibətlərindən də danışıb:
“Elə bir mərhələ başlayır ki, artıq bu mərhələdə münasibətlərin bərpa olunması mümkünsüz hala gəlir deyə bilərik. Xüsusən son vaxtlar Britaniya və Almaniya ilə Rusiyanın münasibətləri o səviyyədədir. Amma Avropanın digər dövlətlərində də biz bu tendensiyanı hiss edirik. Yəni tədricən münasibətlərə sanki korlana-korlana gedir. Amma ola bilsin ki, elə bir qırmızı xətt var ki, ondan sonra artıq heç nə bərpa oluna bilməz. Hələlik Avropa ölkələrinin hamısı barəsində demək olmaz. Lakin bəziləri ilə bağlı münasibətlər sanki bu mərhələyə gəlib çıxıb. Bu sanksiyaların baş verməsi birbaşa sabitliyin pozduğunu demək olmaz. Amma sosial gərginlik yaranır, qıtlıq yaranır, bir sıra işsizlik məsələləri meydana çıxır. Bütün bunlar hamısı Rusiyanın daxilindəki sabitliyə xələl gətirir. Yəqin ki, elə sanksiyaların bir hədəfi də odur. Yəni hərbi cəhətdən zəifləsin, müharibəni aparmaq imkanı olmasın. Digər bir tərəfi də onu daxildən sarsıtmaq və Rusiyanı daxili problemlərlə, münaqişələrlə üz-üzə qoymaq istəyənlər var”.
Aysel Mirzəyeva