Avropa təhlükəsizliyi və ABŞ-nin yeni doktrinası
Avropa ilə ABŞ arasındakı münasibətlərin həm iqtisadi, həm də siyasi tərəfləri hazırda ürəkaçan görünmür. Donald Tramp ikinci dəfə 47-ci prezident kimi seçildikdən sonra ABŞ rüsum siyasətini tətbiq edib. Bu siyasət yalnız digər dövlətləri deyil, həmçinin Avropa İttifaqı ölkələrini də əhatə edib. Nəticədə Tramp-ın istədiyi nəticə əldə olunub, lakin beynəlxalq ekspertlər bunu Avropa üçün əlverişli hesab etmirlər.
Politoloq Yusif Bağırzadə "İnformator.az" a açıqlamasında bildirib ki, əsas məsələ təhlükəsizliklə bağlıdır:
“Uzun illər boyunca Avropa dövlətləri ABŞ-nin təhlükəsizlik təminatını əsas götürərək NATO strukturlarında onun liderliyini qəbul ediblər. Lakin Tramp hakimiyyətə gəldikdən sonra Avropa dövlətlərinə təklif verib ki, NATO büdcəsini 5%-ə qədər qaldırsınlar və öz təhlükəsizliklərini özləri təmin etsinlər. Bu kontekstdə Monro doktrinası yenidən gündəmə gəlib. 1823-cü ildə ABŞ prezidenti Ceyms Monro vasitəsilə irəli sürülən bu doktrina Amerikanın Avropanın işlərinə müdaxilə etməyəcəyini, Avropanın da Amerika işinə qarışmayacağını nəzərdə tutur. Hazırda bu doktrina Donald Tramp-ın adı ilə “Tramp doktrinası” kimi xatırlanır. Bu, Avropanın təhlükəsizlik sisteminə yeni baxış gətirir və ekspertlər bunu diqqətlə qiymətləndirirlər. Tramp-ın yeni doktrinası Monro doktrinasının yenilənmiş modeli kimi Avropa dövlətlərinə göstərir ki, öz təhlükəsizliklərini özləri təmin etməlidirlər. ABŞ-nin bu yeni yanaşması nəticəsində Avropa İttifaqı və Avropa dövlətləri arasında qarşıdurma qaçılmaz görünür. Böyük ehtimalla ABŞ yaxın gələcəkdə NATO-dakı mövqeyi ilə bağlı bəzi strateji planlarını da açıqlaya bilər. Bu səbəbdən Avropanın təhlükəsizlik sistemi indiki vəziyyətdə kifayət qədər həssasdır".
O həmçinin bildirir ki, son 10 ildə Avropa öz hərbi sənayesini yetərincə inkişaf etdirməyib, ABŞ isə təqribən 80-100 milyon əsgər və müasir silahlarla Avropanın təhlükəsizlik təminatını öz üzərinə götürüb:
“Xüsusilə üç Avropa dövləti- Almaniya, Fransa və Böyük Britaniya, Rusiya-Ukrayna müharibəsi fonunda öz təhlükəsizlik strategiyalarını aktiv şəkildə nəzərdən keçirirlər. Alternativ təkliflərdən biri NATO-dan kənar Avropa İttifaqı ölkələrinin müstəqil ordusunun yaradılmasıdır ".
Fidan İbrahimli