Avropa üçün köhnə, bizim üçün yeni sistem
Azərbaycanda ictimai nəqliyyatda yeni mərhələ sayılan Brutto müqavilə sistemi tətbiq olunmağa hazırlanır. Bu modelə görə, sərnişinlər gediş məsafəsinə uyğun ödəniş edəcək, toplanan vəsait isə xüsusi fonda yönləndiriləcək və daşıyıcı şirkətlərə sərnişin sayına deyil, məsafəyə görə ödəniş ediləcək. Yenilik həm az sərnişinli marşrutların işləməsini təşviq edir, həm də tələbə, şagird və pensiyaçılar üçün güzəştli gediş imkanlarını qoruyur.
Mövzu ilə əlaqədar olaraq nəqliyyat eksperti Yasin Mustafayev "İnformator.az" a açıqlamasında bildirib ki, bu məsələ daşıyıcı şirkətlərə sərf edir:
"Brutto müqavilə sistemi əsas daşıyıcı şirkətlərə aiddir. Əsas məsələ odur ki, bəzi xəttlər var ki, orada sərnişin sayı azdır. Bu daşıyıcı şirkətlərə sərf etmir. Elə saatlar da var ki, o saatlarda da sərnişin sayı az olur və bu yenə də daşıyıcı şirkətlərə sərf etmir. İndi planlaşdırılır ki, daşımalar məsafəyə görə ödəniş sisteminə keçsin və bu zaman da yaxın məsafəyə gedən daha az vəsait ödəyəcək, daha uzaq məsafə gedən isə daha artıq ödəyəcək. Oradan toplanan vəsaitlərdən, Brutto müqavilə sisteminə əsasən, vəsait qeyd edilən fondda toplanacaq və daşıyıcı şirkətlərə sərnişin daşımağına görə yox, getdiyi məsafəyə görə oradan ödəniş olunacaq. Həmin o daşıyıcı şirkətlərin o işə maraqlı olması üçündür. Eyni zamanda da aparılan islahatlar nəticəsində pensiya alanlara, tələbələrə, şagirdlərə güzəştli gediş nəzərdə tutulur, məhz bunlar yeniliklərə daxildir".
Arzu Poladova
