"Avropa üçlüyü" BMT sanksiyalarının yenidən tətbiqini müzakirə edəcək
Avropa üçlüyü"nün (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri İrana qarşı BMT sanksiyalarının yenidən tətbiqi məsələsi ilə bağlı rəsmi Tehranla danışıqlar keçirməyi planlaşdırırlar.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Suriya məsələsində Fransa və Almaniyanın, eyni zamanda Böyük Britaniyanın adı çəkilə bilər:
"ABŞ-dən fərqli olaraq Avropa ölkələrinin İranla həm açıq, həm də gizli əməkdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələrdə xüsusilə Suriya məsələsində Fransa və Almaniyanın, eyni zamanda Böyük Britaniyanın adı çəkilə bilər. Ona görə də Avropa üçlüyünün (Fransa, Almaniya, Böyük Britaniya) İranla danışıqlar aparmaq və müəyyən anlaşmaya gəlmək istəyi təsadüfi deyil. İran da bu ölkələrlə uzlaşmaqda maraqlıdır. Lakin danışıqların predmeti ətrafında ciddi fikir ayrılıqları mövcuddur. Son görüşdə də tərəflərin ümumi razılaşmaya gəlmədiyi müşahidə olundu. Bununla belə, danışıqların davam etdirilməsi barədə razılıq əldə edildiyi görünür. Əgər İran Qərbin, xüsusilə Avropanın irəli sürdüyü şərtləri qəbul etsə, bu, həm nüvə proqramı ilə bağlı müzakirələrin irəliləməsinə, həm də İrana tətbiq olunan sanksiyaların yumşaldılmasına gətirib çıxara bilər. Bu proses, təbii ki, İran üçün də, Avropa üçün də faydalı ola bilər. Amma Avropa dövlətləri əsasən istəyirlər ki, İran xarici və daxili siyasətində, həmçinin enerji ilə bağlı məsələlərdə güzəştlərə getsin. Xüsusilə də, İranın Rusiya ilə yaxınlaşmasını Avropa arzulamır. Buna görə də nəticənin necə olacağı İranın mövqeyindən və atacağı addımlardan çox asılıdır".
Xədicə Məhərrəmli