“Avropanın iqtisadiyyatı yoxa çıxan bir dünyaya hesablanıb“
Avropa Mərkəzi Bankının (AMB) Prezidenti Christine Lagarde xəbərdarlıq edib ki, Avropanın iqtisadiyyatı “tədricən yox olan bir dünyaya uyğun qurulub” və AB iqtisadiyyatının yenidən qurulması üçün islahatlara ehtiyac var.
O bildirib ki, Aİ-nin beynəlxalq ticarətə yüksək bağlılığı bloku həssas vəziyyətə salıb. Əsas tərəfdaşlar qlobalizasiyadan uzaqlaşdığı üçün Avropa ixracatçıları çətinliklə üzləşir.
Donald Trampın sərt tariflərlə proteksionizmə yönəlməsi, Çinin isə kritik xammal və məhsullardakı dominantlığından təzyiq aləti kimi istifadə etməsi Avropanın zəifliyini artırıb. Lagarde deyib ki, Avropa təhlükəsizlik və kritik xammal baxımından “üçüncü ölkələrdən asılıdır”. Məsələn, elektrik mühərrikləri və külək turbinləri üçün vacib olan nadir torpaq metalları üzrə Çinin nəzarəti və Çində istehsal olunan Nexperia çiplərinin qlobal avtomobil sənayesini iflic edə biləcək “boğaz nöqtəsi” yaratması buna misaldır.
Frankfurtda keçirilən Avropa Bankçılıq Konqresində çıxış edən Lagarde əlavə edib ki, Avropa öz daxili problemlərini zamanında həll etməyib və hər yeni iqtisadi zərbə böyüməni bir az daha aşağı salıb.
Onun sözlərinə görə, Aİ-nin daxili bazarı uzun müddətdir yerində sayır, xüsusən də rəqəmsal texnologiya, süni intellekt və kapital bazarlarında.
Lagarde həmçinin qeyd edib ki, Avropada yığılan vəsaitin ABŞ fond bazarına axması nəticədə ABŞ iqtisadiyyatını gücləndirir, Avropada isə məhsuldarlıq yerində sayır.
Bununla yanaşı, Avropanın güclü əmək bazarı, artan rəqəmsal sərmayələr və Ukraynadakı müharibəyə cavab olaraq müdafiə xərclərinin iqtisadi dayanmanı qismən kompensasiya etdiyini də vurğulayıb.
Lagarde-nin həll təklifi Aİ daxilində xidmət və məhsul ticarətinin qarşısındakı baryerləri azaltmaqdır. AMB-nin hesablamalarına görə, hazırkı baryerlər xidmətlərdə 100%, məhsullarda isə 65% tarifə bərabərdir. Bu baryerləri Niderland səviyyəsinə endirmək ABŞ-nin tarif zərbəsini tam kompensasiya edə bilər.
The Guardian
Eslanda Kulieva