Avropanın müdafiə strategiyasında boşluqlar və İtaliyanın yolu
İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, ölkə hazırda nə Rusiyanın, nə də digər dövlətlərin mümkün hücumuna hazırdır. O, Ukrayna müharibəsində təxribatların artması və Polşanın hava məkanının pozulması fonunda silahlanmaya daha tez hərəkət edilməsinin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, son 20 ildə müdafiəyə kifayət qədər sərmayə qoyulmadığından İtaliya özünümüdafiə mövqeyini gücləndirməlidir.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "İnformator.az"a açıqlamasında bildirib ki, əslində, Avropa İttifaqı Ukraynanın Rusiyaya cəlb edilmə nöqteyi-nəzərindən Fransa prezidentinin açıqlamalarına adekvat davranmalı idi:
"Ancaq Aİ ölkələrinin sayı çoxdur və onların mövqeləri eyni deyil. Bu fərqlər son zamanlar Polşa üzərindən NATO-ya edilən hücumlarla da daha aydın görünür, çünki həmin hadisələr göstərib ki, Aİ-ni bir kənara qoysaq belə, NATO da Rusiyaya qarşı tam güclü savaş aparmaq imkanları mövcud deyil. Müdafiə sahəsinə son 20 ildə kifayət qədər sərmayə qoyulmadığı üçün bu gün anbarlarda belə davamlı müharibə aparacaq qədər hərbi hasilat yoxdur. Avropa ölkələri uzun illər NATO çətiri altında yaşayıblar və kollektiv müdafiənin təmin etdiyi qayğını hiss ediblər, lakin Donald Trampın hakimiyyəti dövründə irəli sürdüyü “hər kəs öz başının çarəsinə baxsın” yanaşması bu boşluqları açıq şəkildə üzə çıxarıb. Bu gün artıq məlum olur ki, resursların çatışmazlığı həm orduların modernləşdirilməsində, həm də real hərbi hazırlıqda ciddi çatışmazlıqlara səbəb olub".
Politoloq həmçinin vurğulayıb ki, Ukrayna müharibəsi və Rusiyanın təxribatları fonunda İtaliyanın təhlükəsizlik siyasətində də yeni istiqamətlərin meydana gələcəyi qaçılmaz görünür:
"Fransa prezidenti Emmanuel Makronun “Ukraynanı Aİ müdafiə etsin” çağırışına İtaliyanın “bizim göndərəcək əsgərimiz yoxdur, Makron istəyirsə, özü göndərsin” cavabı da bu reallığı təsdiqləyir. Belə vəziyyətdə İtaliyanın daha fərqli yollara əl atacağı gözlənilir. Hazırda biz Türkiyə ilə əməkdaşlıq cəhdlərini, başqa ölkələrdən silah alınması və investisiya imkanlarının araşdırıldığını görürük. Böyük Britaniya Aİ-dən çıxıb, Almaniya ordu qurur, Fransa isə məlum olduğu kimi hərbi qüvvəyə sahibdir, amma öz resurslarını daha da inkişaf etdirməyə ehtiyacı var. İtaliya isə bu şəraitdə özünümüdafiəni gücləndirməyə, strateji tərəfdaşlıqları artırmağa və yeni təhlükəsizlik siyasəti qurmağa məcburdur. Aİ özünü doğrultmayıb. O, daha çox iqtisadi məkan oldu, amma strateji maraqların qorunmasında üstünlük göstərə bilməyib".
Sura Əliyeva