Avropanın üç lideri Tramp ilə Ukrayna danışığı aparıb
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıblar.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Avropanın üç nəhəng dövləti – Böyük Britaniya, Fransa və Almaniyanın liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar:
“Bu əlaqə, böyük ehtimalla, Ukrayna müharibəsinin nizamlanması ilə bağlı prosesə aydınlıq gətirmək məqsədi daşıyıb. Son vaxtlar ABŞ-nin Rusiyanın “vasitəçi” rolunda çıxış etməsi Kremlin maraqlarının daha çox ön plana keçməsinə yol açır və bu, həm Ukraynada, həm də Avropada narahatlıq yaradıb. Təbii ki, Kremlin hazırlayıb Ağ evə təqdim etdiyi yeni “Tramp planı” Ukraynada və Avropa ölkələrində ciddi narazılıq doğurub. Avropa dövlətləri yaxşı anlayırlar ki, əgər Rusiyanın diktəsi altında formalaşdırılan və kapitulyasiya elementləri daşıyan bu plan reallaşarsa, onların təhlükəsizlik maraqları ciddi şəkildə risk altına düşəcək. Buna görə də Avropa ölkələri planın həyata keçməməsi və ən azı məzmununun dəyişdirilməsi üçün fəal şəkildə səylər göstərirlər. Bu sırada Avropanın üç böyük dövləti xüsusi aktivlik nümayiş etdirir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, nöyük ehtimalla, proses Tramp planının iflasa uğraması ilə nəticələnəcək:
“Artıq Ağ evdə də anlayırlar ki, planın baş tutması ehtimalı hər keçən gün azalır. Kremldə də bu reallıq qəbul edildiyi üçün son açıqlamalarda Avropa ölkələri açıq şəkildə hədəfə alınır. ABŞ-nin mövqeyini dəstəkləyən və bir çox hallarda tərifləyən Kremlin rəsmiləri Avropa dövlətlərini Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş sülh prosesini pozmaqda ittiham edirlər. Bu səbəbdən ekspertlər hesab edirlər ki, əgər Kremlin Tramp planı ilə bağlı niyyətləri həyata keçməsə, Rusiya ilə Qərb, xüsusilə də Avropa ölkələri arasında münasibətlərin daha da gərginləşməsi istisna edilmir”.
Güllər Gülhüseynova
