Avstraliya COP31-ə ev sahibliyi etməkdən imtina edib
Avstraliya COP31-ə ev sahibliyi etməkdən imtina edib, tədbir gələn il Türkiyədə keçiriləcək.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, ilk baxışdan bu məğlubiyyət kimi görünsə də, əslində strateji baxımdan Avstraliya üçün bir qələbə sayıla bilər:
“COP31 ideyası ətrafında Avstraliya və Türkiyə arasında uzun müddət bir rəqabət gedirdi. Avstraliyada keçirilməsi planlaşdırılan COP31 daha çox “Pasifik COP” — yəni Sakit Okean Tərəfləri Konfransı kimi nəzərdə tutulurdu. Burada əsas məqsəd qlobal iqlim dəyişikliklərinin, xüsusilə də dəniz səviyyəsinin qalxmasının Sakit Okean adalarında yaşayan yerli xalqlara, aborigenlərə təsirinə diqqət çəkmək idi. Bu problemin dünya ictimaiyyəti və siyasəti tərəfindən mərkəzə alınması vacib sayılırdı.
Lakin təəssüf ki, bu baş vermədi. Düzdür, bizim baxımımızdan bu təəssüf doğurmur, çünki Avstraliya gözlənilmədən və qəfil şəkildə namizədliyini geri çəkərək, Türkiyənin xeyrinə bu imkandan imtina etdi. İlk baxışdan bu məğlubiyyət kimi görünsə də, əslində strateji baxımdan Avstraliya üçün bir qələbə sayıla bilər. Çünki belə bir tədbirə ev sahibliyi etmək həm böyük maliyyə və təşkilati yük, həm də uğursuzluq riski daşıyırdı. Avstraliya bu riskləri üzərinə götürməkdənsə, Türkiyəyə yol açaraq özü üçün daha çevik bir diplomatik mövqe seçdi. Beləliklə, danışıqlarda aparıcı rol oynamaq və rəhbərlik etmək imkanı əldə etmiş oldu.
Bu prosesin təəssüf doğuran tərəfi odur ki, Pasifik adaları diqqətdən kənarda qaldı və sanki siyasi qurban oldular. Halbuki bu ölkələr Avstraliyanın ev sahibliyini özlərinin beynəlxalq səviyyədə tanınması üçün bir fürsət kimi görürdülər. Amma nəticədə konfrans Türkiyədə keçiriləcək və Türkiyə bunu öz regional liderlik ambisiyalarının bir uğuru kimi təqdim edə bilər.
Digər tərəfdən, düşünürəm ki, ABŞ-nin Paris Razılaşmalarına və COP prosesinə olan passiv münasibəti bu konfransların nüfuzunu getdikcə azaldır. ABŞ və Çin kimi əsas karbon emissiyası yaradan ölkələrin COP prosesinə marağının azalması bu platformanın çəkisini və təsir gücünü xeyli zəiflədir.
ABŞ kimi böyük bir ölkənin Paris Razılaşmalarından çıxması COP-un ümumi təsir gücünü və qlobal inteqrasiya imkanlarını ciddi şəkildə zəiflədib, bu da artıq prosesə daha çox loqik, lakin soyuq münasibətin formalaşmasına səbəb olub".
Aydan Əsgərxanlı
