00:00:00
Yazar
Elmira Ağayeva
11.08.2026 21:15 27 4 dəq oxuma
Siyasət

“Azərbaycan-Ermənistan münasibətlərində yeni iqtisadi mərhələ başlayıb”-ŞƏRH

“Azərbaycan-Ermənistan münasibətlərində yeni iqtisadi mərhələ başlayıb”-ŞƏRH

Azərbaycan Ermənistana münasibətdə bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb.
Bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı birgə bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60,000 ton yük daşınıb. Azərbaycan həmçinin Ermənistanı 20,000 ton neft məhsulu ilə tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirir.


Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında artıq yeni mərhələyə keçib:

 

“Bir il bundan əvvəl paraflanan sülh müqaviləsi artıq iqtisadi əlaqələrə çevrilməkdədir və bu dinamika daha da artmağa davam edir. Azərbaycanın Ermənistanla bağlı tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması regionda iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bir il ərzində Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan təxminən 60 min ton yükün daşınması, eyni zamanda Ermənistana 20 min ton neft məhsulunun tədarük edilməsi, bu prosesin yalnız siyasi bəyanatlardan ibarət olmadığını göstərən konkret iqtisadi göstəricilərdir. Biz bu rəqəmləri tərəflərin mövqeyinin əməli təzahürü kimi təqdim edə bilərik. Əsas məsələ ondan ibarətdir ki, biz artıq Ermənistan iqtisadiyyatına təsir göstərməyə başladıq. Azərbaycan üzərindən tranzitin genişləndirilməsi Ermənistan üçün alternativ və daha səmərəli loqistika imkanları yaradır. Marşrutların şaxələndirilməsi isə ölkənin xarici ticarət xərclərini və müəyyən məhsullar üzrə təchizat risklərini azaldır. Bu, xüsusilə enerji və ərzaq məhsulları baxımından əhəmiyyətlidir, çünki qısa və rəqabətqabiliyyətli loqistik marşrutların yaranması son qiymətə də öz müsbət təsirini göstərir.Burada vacib bir məqam var. Ermənistanın Azərbaycan ərazisindən tranzit kimi istifadəsinə yalnız müvəqqəti alternativ yox, uzunmüddətli regional iqtisadi inteqrasiyanın tərkib hissəsi kimi baxmalıyıq. 60 min ton yük kiçik rəqəm deyil, bu həcm iki ölkə arasında iqtisadi əlaqələrin praktiki olaraq formalaşdığını sübut edir. Bir neçə gün öncə Ermənistanın Baş nazirinin Azərbaycan Prezidentinə zəng edərək Zəngəzur dəhlizi, iqtisadi, siyasi və ticarət məsələlərini müzakirə etməsi göstərir ki, tərəflər artıq vasitəçilər olmadan da razılığa gəlib bu əməkdaşlıqdan səmərə əldə edə bilirlər”.


Asif İbrahimov qeyd edib ki, bu proses davamamlı xarakter alarsa, gələcəkdə yalnız tranzit yük daşımalarının deyil, Azərbaycan və Ermənistan arasında birbaşa ticarətin daha da genişlənməsinə gətirib çıxara bilər:


“Hazırda əsas məsələ ticarətin həcmi ilə yanaşı, onun strukturudur. Gələcəkdə kənd təsərrüfatı, ərzaq, tikinti materialları, kimya məhsulları, enerji resursları və loqistika sahələrində qarşılıqlı ticarət genişlənərsə, iqtisadi əlaqələr daha dayanqılı xarakər alacaq. Bu baxımdan 60 min ton yükü yalnız daşınmış mal kimi deyil, gələcək regional ticarət dövriyyəsinin başlangıc göstəricisi kimi qiymətləndirmək daha doğru olar.20 min ton neft məhsulunun tədarükü isə ayrıca ciddi iqtisadi və siyasi əhəmiyyət daşıyır. Bir il ərzində bu həcmdə enerji məhsulunun ötürülməsi iqtisadi münasibətlərin sürətləndiyini və yeni keçid mərhələsinə qədəm qoyduğunu göstərir. Burada Azərbaycanın qazancı yalnız satılan məhsulla ölçülməməlidir. Azərbaycan öz enerji və loqistika imkanlarını iqtisadi güc və təsir alətlərinə çevirir. Başqa sözlə, enerji resurslarımız artıq yalnız ixrac gəliri yaratmır, həm də regionda iqtisadi əlaqələrin formalaşmasına xidmət edir.Bu prosesin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərində asılılıq və qarşıdurma modelindən tədricən qarşılıqlı iqtisadi maraq modelinə keçid yaranır. 30 ildən çox davam edən müharibə şəraitindən sonra itirilmiş etimadı bərpa etməyin en yaxşı aləti hər iki tərəfin bu əməkdaşlıqdan mənfəət götürməsidir”.


İqtisadçı qeyd edib ki, bu imkanlardan düzgün istifadə edilərsə, məqsəd sadəcə Ermənistana tranzit vermək yox, Azərbaycanı regional loqistika və ticarət mərkəzinə çevirmək olmalıdır:


“Burada Orta Dəhlizlə bağlı böyük perspektivlər mövcuddur. Azərbaycan-Ermənistan bağlantısının genişlənməsi Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişə bilər.Mərkəzi Asiya ilə Avropa arasında yeni iqtisadi əlaqələrin yaranmasına şərait yaradar. Azərbaycan rəsmiləri bu bağlantıların regional ticarətə və iqtisadi artıma töhfə verəcəyini hər dəfə vurğulayırlar. Qarşıda duran əsas vəzifə siyasi razılaşmaların real iqtisadi layihələrə çevrilməsidir. Sərhədlərarası ticarət artarsa, yükdaşımalar genişlənərsə, enerji və loqistika əlaqələri dərinləşərsə, hər iki ölkənin biznes sektoru yeni bazarlar əldə edəcək.
Sülh siyasi sənəddən iqtisadi marağa çevrilməlidir. İqtisadi maraq nə qədər güclü olarsa, sülhün dayanqılığı bir o qədər möhkəm olar. Azərbaycan üçün strateji hədəf Ermənistanı təkcə satış bazarı kimi görmək olmamalı, ölkəmizin Cənubi Qafqazın loqistika, enerji və ticarət mərkəzinə çevrilməsinə yönəlməlidir.
Ümumilikdə götürsək, 60 min ton yük və 20 min ton neft məhsulu bu istiqamətdə atılmış ilkin addımdır. Yekun nəticəni isə gələcək illərdə formalaşacaq ticarət dövriyyəsi və regionlararası loqistika sistemi göstərəcək”.

Nuray Əliyeva

#Azərbaycan #Ermənistan #iqtisadimərhələ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər