“Azərbaycan-Ermənistan sülhü olmadan kommunikasiyaların tam açılması mümkün deyil”-ŞƏRH
“Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir, bu isə Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək”.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan arasındakı sülh prosesindən doğan bəzi reallıqlar var:
“Bu reallıqlar öz müsbət təsirini nəinki bu ölkələrə hətta bütün regiona münasibətdə göstərəcək. Həmçinin qarşılıqlı əlaqələr zəminində kommunikasiyaların olması, sərhədlərin açılması siyasi, iqtisadi, ticari əlaqələrin inkişafına da öz töhfələrini verəcək. Keçmiş Qarabağ münaqişəsi zəminində Türkiyə və Azərbaycanın Ermənistanla sərhədləri bağlanıb, əlaqələr kəsilib. Ermənistan tərəfin yaratmış olduğu bu prosesdə həm bu ölkənin özü, həm də qonşu ölkələr bir sıra məhrumiyyətlərə məruz qalıb. Hazırda isə Qarabağın azad edilməsindən sonra Ermənistan fərqli siyasi kurs izləyir, sülh prosesinə daxil olub və qonşularla sabitlik şəraitində normal münasibətlərdə maraqlı olduğunu iddia edir. Türkiyə ilə Azərbaycanın bir çox maraqları ortaqdır və problemlərin həllində də birgə addımlar atılır. Sərhədlərin açılması da Azərbaycan ilə Ermənistanın tam sülhə daxil olması zəminində tam baş verə bilər. Azərbaycanla Ermənistan arasındakı kommunikasiya və sərhəd əlaqələrinin bərpasından əvvəl Türkiyə ilə bu əlaqələrin qurulması da bu ölkələrin razılaşmasına əsasən baş tuta bilər. Çünki sözü gedən proseslər birbaşa Azərbaycanla əlaqəli olduğu üçün bu ölkənin mövcud mövqeyi vacibdir. Hər halda Türkiyə və Ermənistan arasındakı əlaqələrin inkişafı Azərbaycan ilə koordinasiya olunur və razılıq əsasındadır, eyni zamanda bu əlaqələrin Azərbaycan- Ermənistan dialoquna da müsbət təsirləri diqqətdədir”.
Nuray Əliyeva