Azərbaycan ilk dəfə idman dırmanması üzrə Dünya Gənclər Çempionatında təmsil olunacaq
Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası tarixdə ilk dəfə idman dırmanması üzrə dünya gənclər çempionatında iştirak edəcək. Bu debüt həm idmançılarımız, həm də ölkədə idman dırmanmasının inkişafı baxımından əlamətdar hadisə hesab olunur.
Mövzu ilə bağlı idman eksperti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib ki, Alpinizm idmanı son illərdə Azərbaycanda geniş yayılıb. İdmançılarımız uca zirvələri fəth edərək yüksək nəticələr əldə edirlər:
"Əsasən də qadın idmançılarımız bu idman növündə çox bacarıqlıdır. İlk olaraq mən Vəfa Musayevanın adını çəkmək istəyirəm. O dünyanın ən yüksək zirvəsinə, Everestə qalxan ilk Azərbaycanlı kimi tarixə düşüb. Qadın idmançımızın bu uğuru gələcək idmançılara nümunədir və onları bu idmana gəlmək üçün cəsarətləndirir. Gənclərimizin Avropa Çempionatında iştirakına təkan verən həm də əvvəlki illərdə alpinistlərimizin idman dırmanması növü üzrə çıxış edən uğurlu idmançılarımızdır. Gənclər onlara baxaraq nümunə götürür, onların yolunu gedirlər. Azərbaycan ərazisində dağların sayının azlığından və ya müəyyən şəraitin olmamasından bu idman növünün inkişafı bir qədər çətindir. Sözsüz ki, müəyyən zonalar var, ancaq bəzi ölkələr kimi rahat və əlçatan olmadığından bəzi problemlər yaşanır. Bu barədə Azərbaycan Alpinizm Federasiyası müəyyən işlər görür, nəticəsi də inanıram ki, ürək açan olacaq. Əgər idmançılarımız hazırda Dünya Gənclər Çempionatında iştirak edə bilirlərsə, deməli bu yolda müəyyən uğurlu addımlar atılıb".
Zəhra Möhübbətova