00:00:00
Yazar
Ayşən Səlimova
11.03.2026 20:17 12 2 dəq oxuma
Siyasət

Azərbaycan İrana humanitar yardım göndərib -Prezidentin tapşırığı ilə yardım karvanı yola salınıb

Azərbaycan İrana humanitar yardım göndərib -Prezidentin tapşırığı ilə yardım karvanı yola salınıb

İlham Əliyevin tapşırığı ilə Azərbaycandan İrana humanitar yardım göndərilib. Yardım qərarı Azərbaycan Prezidenti ilə İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qəbul olunub. Qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil edilən humanitar yardım Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə yola salınıb. Göndərilən yardım yükünə 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, təxminən 600 kiloqram çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında qeyd edib ki, Azərbaycan hər zaman İranda yaşayan soydaşlarımızın və dindaşlarımızın problemlərini öz problemi hesab edib:

 

“Onların təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edib və çətin vaxtlarında daim xeyirxah qonşuluq və dostluq münasibətini nümayiş etdirib. Hazırda İranda arzuolunmaz bir müharibə baş verir və bu proses hələ də davam edir. Müharibə olan hər yerdə isə iqtisadi çətinliklər və müxtəlif humanitar ehtiyaclar yaranır. Azərbaycan da əsl dost və qonşu kimi çıxış edərək, Azərbaycan Prezidentinin göstərişi ilə İrana 30 tondan artıq müxtəlif gündəlik tələbat malları və tibbi vasitələrdən ibarət humanitar yardım göndərib. Bu, əlbəttə ki, mühim və əhəmiyyətli bir addımdır. Əgər zərurət yaranarsa, Azərbaycan bundan sonra da belə addımlar atmağa hazırdır. Bu, Azərbaycanın qonşuluq və dostluq münasibətlərinə sadiq qaldığının göstəricisi hesab olunmalıdır. İran xalqı bilməlidir ki, Azərbaycan xalqı İran xalqının yanındadır və bu iki xalqın ortaq mənafelərini heç bir siyasi qüvvə manipulyasiya edə bilməz. Məsələnin əsas mesajı da məhz budur. Xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluq və qardaşlıq münasibətləri bütün siyasi məqsədlərdən daha üstündür. İran xalqı bunu belə qəbul etməlidir. Humanitar yardımın çatdırılmasında Fövqəladə Hallar Nazirliyinin roluna gəldikdə isə, biz bu qurumun istər qardaş Türkiyədə baş verən yanğınlar zamanı, istər vətəndaşlarımız çətin vəziyyətə düşəndə, istərsə də ölkəmizdə fövqəladə hallar baş verəndə operativ şəkildə prosesə müdaxilə etdiyinin dəfələrlə şahidi olubdur. Bu gün də humanitar yardımın təhlükəsiz və operativ şəkildə İrana çatdırılması Fövqəladə Hallar Nazirliyi vasitəsilə həyata keçirilib. Yardımın ən qısa müddətdə və keyfiyyətli şəkildə çatdırılması onu göstərir ki, İranda mövcud vəziyyət adi deyil, fövqəladə vəziyyətdir. Bu bir müharibədir və belə hallarda yardımın çatdırılması zamanı əlavə çətinliklər yarana bilər. Lakin Fövqəladə Hallarrf Nazirliyi önləyici tədbirlər görərək Azərbaycanın humanitar missiyasını yerinə yetirmək imkanına malikdir. Yardımın uğurla İrana çatdırılması da bunun bariz sübutudur”.

 

Cavahir Əsgərbəyli

#tapşırığı #salınıb #göndərib #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər