Azərbaycan Respublikasının Xalq artisti Roza Tağıyeva “Nitqin gözəlliyi” mözusunda çıxış etdi
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlim keçirildi.
"İnformator.az" xəbər verir ki, təlimi aparan Azərbaycan Respublikasının Xalq artisti və diktor Roza xanım “Nitqin gözəlliyi” mövzusunda danışdı. O, efirdə düzgün danışığın vacibliyini vurğuladı və iştirakçılara bildirdi ki son dönəmlərdə “Söylədim ki, söyləyim” ifadələrindən çox istifadə edilir,ancaq bunun yerinə “dedim”sözündən daha çox istifadə etmək lazımdır.
Roza xanım həmçinin xarici adların və rus sözlərinin düzgün tələffüz edilməsinin, “dan-dən” şəkilçilərindəki səslərə diqqət göstərilməsinin vacib olduğunu qeyd etdi. O bildirdi ki, efirdə loru danışıq yolverilməzdir, amma təbiilik və məntiqi vurğu qorunmalıdır.
Təlimçi səsin qorunmasına diqqət yetirməyin vacibliyini də vurğuladı və aparıcıların danışanda uzadaraq, nağılvari danışmalarının düzgün olmadığını, konkret və qısa danışığın önəmli olduğunu söylədi.
Roza xanım təcrübəsindən danışaraq bildirdi ki, əvvəllər yalnız hazır mətnlər gəlirdi və aparıcılar başqa heç nə deyə bilmirdilər. Bayramlarda və şənliklərdə isə əlavə söz deməyə icazə verilirdi.
O qeyd etdi ki, əvvəllər televiziyaya maraq böyük idi, amma indi insanların əksəriyyəti sosial şəbəkələrdə vaxt keçirir, buna görə televiziyaya maraq azalıb. Həmçinin, gələcəkdə kəndlərdə zəhməti ilə seçilən insanların həyatını əks etdirən sənədli filmlərin və verilişlərin daha maraqlı olacağını vurğuladı.
Təlim interaktiv şəkildə davam etdi,iştirakçılar suallar verdilər və fikir mübadiləsi apardılar.
Elmira Ağayeva
