00:00:00
Yazar
Zəhra Həsənova
19.06.2026 22:14 29 2 dəq oxuma
Siyasət

Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub

Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub

İyunun 18-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüş keçirib.


Görüş zamanı Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Rumıniya Azərbaycanın enerji əməkdaşlığı sahəsində mühüm tərəfdaşlarından biridir:

 

"Ümumiyyətlə, Azərbaycanın qaz ixracı strategiyasında Rumıniya əhəmiyyətli mövqeyə malikdir. Çünki Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini təmin edən infrastrukturun müəyyən hissələri Rumıniya ilə əlaqəlidir və bu ölkə enerji əməkdaşlığında xüsusi yer tutur.
Təsadüfi deyil ki, Azərbaycanın Avropa ölkələrinə bərpa olunan enerji ixracı strategiyasında da Rumıniyanın adı ön sıralarda çəkilir. Bir neçə il əvvəl Bakıda Qara dəniz üzərindən yaşıl enerji dəhlizinin yaradılması ilə bağlı sazişin imzalanmasında Rumıniya da iştirak edib. Azərbaycan, Gürcüstan, Rumıniya və Bolqarıstan arasında nəzərdə tutulan bu layihə Azərbaycanın yaşıl enerjisinin Avropaya çatdırılmasında mühüm rol oynayacaq. Bu isə Rumıniyanın gələcəkdə də Azərbaycanın enerji əməkdaşlığı strategiyasında vacib tərəfdaş olaraq qalacağını göstərir. Rumıniya enerji nəqli üçün əlverişli infrastruktura malikdir. Xüsusilə Qara dənizdə yerləşən Konstansa limanı uzun illərdir Azərbaycanın diqqət mərkəzindədir. Hətta bir vaxtlar Azərbaycan neftinin Qərb bazarlarına ixrac marşrutlarından biri kimi Konstansa limanının adı çəkilirdi. Sonradan Bakı–Tbilisi–Ceyhan əsas strateji ixrac xətti kimi seçilsə də, Rumıniya Avropanın cənub-şərqində yerləşən mühüm ölkələrdən biri kimi enerji sahəsində Azərbaycan üçün əhəmiyyətini qoruyub saxlayır. Hazırda Rumıniyada SOCAR-ın mühüm infrastruktur və kommersiya layihələri fəaliyyət göstərir. Bu layihələr iki ölkə arasında enerji əməkdaşlığının vacib elementlərindən hesab olunur. Rumıniya Azərbaycanla yalnız enerji sahəsində deyil, digər istiqamətlərdə də sıx əməkdaşlıq edir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri yüksək səviyyədədir, siyasi dialoq isə geniş və çoxşaxəlidir. Bütün bunlar Rumıniyanın Azərbaycanın Avropa ilə münasibətlərində mühüm tərəfdaş və vasitəçi ölkələrdən biri olduğunu deməyə əsas verir. Həm ikitərəfli, həm də beynəlxalq çoxtərəfli əməkdaşlıq platformalarında Rumıniya daim Azərbaycanın mövqeyinə hörmətlə yanaşıb. Azərbaycan da öz növbəsində Rumıniyanın maraqlarını dəstəkləyib. Beləliklə, Rumıniya Azərbaycanın mühüm enerji, ticarət və siyasi tərəfdaşı kimi böyük əhəmiyyət daşıyır".


Aişə Mustafayeva

#münasibətləri #müzakirə #yeni #gündəm #tərəfdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər