Azərbaycan əsas aviasiya mərkəzinə çevrilir
Regionda davam edən hərbi-siyasi gərginlik və bəzi ölkələrin hava məkanını məhdudlaşdırması fonunda Azərbaycan tranzit uçuşlar üçün alternativ marşrut kimi önə çıxır. Lakin ekspertlər bu artımın uzunmüddətli və dayanıqlı iqtisadi üstünlüyə çevriləcəyinə ehtiyatla yanaşırlar.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirir ki, artan tranzit axınının ölkə iqtisadiyyatına təsiri məhdud olacaq:
“Tranzit uçuşlardan əldə olunan gəlirlər var, amma bu, ümumi iqtisadi göstəricilərə ciddi təsir edəcək səviyyədə deyil. Hava məkanından istifadə rüsumları müəyyən gəlir yaradır, lakin bu, ölkə iqtisadiyyatında əhəmiyyətli sıçrayış formalaşdıracaq faktor deyil. Regionda mümkün hərbi eskalasiya Azərbaycan üçün əlavə risklər yarada bilər. Əgər regionda müharibə riski artırsa, bu, ümumilikdə iqtisadi mühitə mənfi təsir göstərir. Risk zonasına yaxınlıq investisiya mühitinə və biznes aktivliyinə də təsirsiz ötüşmür”.
Onun sözlərinə görə, hazırkı aviasiya axını müvəqqəti xarakter daşıyır:
“Bu marşrutlar sabit infrastruktur layihəsi deyil. Münaqişə bitdikdən və hava məkanları açıldıqdan sonra aviaşirkətlər daha qısa və sərfəli istiqamətləri seçəcəklər. Yəni bugünkü artım qalıcı regional üstünlük demək deyil. Azərbaycanın uzunmüddətli hava qovşağına çevrilməsi üçün təkcə geosiyasi vəziyyət deyil, sabitlik və davamlı marşrut planlaması əsas rol oynamalıdır”.
Ayşə Müzəfərli
