00:00:00
Yazar
Aysel Mirzəyeva
16.03.2026 18:42 58 2 dəq oxuma
Siyasət

Azərbaycan-Türkiyə müttəfiqliyi Suriyada yeni mərhələyə keçir

Azərbaycan-Türkiyə müttəfiqliyi Suriyada yeni mərhələyə keçir

Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz və Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında görüş keçirilib.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə Suriyanın bərpası və quruculuq işlərində, eyni zamanda enerji resurslarının Avropa bazarına çıxarılması məsələsində ortaq əməkdaşlıq edirlər:

 

“Əş-Şaraanın hakimiyyətə gəlişindən sonra Azərbaycan-Suriya münasibətlərində ciddi normallaşma baş verib. Belə ki, bu münasibətlər Bəşər Əsəd və onun atası Hafiz Əsəd dövrlərində olduqca gərgin idi. Lakin Əş-Şaraa dövründə faktiki olaraq Suriya ilə əməkdaşlıq genişlənib və inkişaf edib. Hesab edirəm ki, bu əməkdaşlıq indiki mərhələdə daha da güclənir. Təbii ki, bu, birmənalı şəkildə o demək deyil ki, tərəflər yalnız regional təhdidlərə görə bir araya gəlirlər. Adətən səfirlər həmin ölkə ilə bağlı müxtəlif məsələləri birlikdə müzakirə edirlər. Suriya İsrail və Türkiyə arasında yerləşən mühüm ölkədir. Yəni İsraildən Türkiyəyə yönələn mümkün neqativ addımlar və ya İran-İsrail gərginliyi fonunda Türkiyəyə dəyə biləcək zərərlər məsələsi də müzakirə edilmiş ola bilər. Amma hesab edirəm ki, əsas mövzu Suriya ətrafında tərəflərin əməkdaşlıq perspektivləridir”.

 

Həmçinin politoloq qeyd edib ki, Azərbaycan və Türkiyənin Yaxın Şərqdə əməkdaşlığı son illərdə xüsusilə genişlənib:

 

“Məsələn, İraq, Kürdüstan, Suriya, Livan və İsrail ətrafında ciddi müzakirələr, dialoqlar və əməkdaşlıq prosesləri davam edir. Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinə əsasən müttəfiq ölkələr olduqları üçün vaxtaşırı bu tip müzakirələrin və qiymətləndirmələrin aparılması təbiidir. Əslində bu, regionda təhlükəsizlik balansına müsbət təsir göstərə bilər. Çünki Bakı və Ankaranın ortaq hərəkət etdiyi artıq sirr deyil. Yaxın Şərq məsələsində də bu müttəfiqlik özünü açıq şəkildə göstərməkdədir. Bu gün regionda həm Azərbaycanı, həm də Türkiyəni yeni münaqişələrə cəlb etmək istəyən qüvvələr var. Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərini zəiflətmək istəyən qüvvələr də mövcuddur. Bu baxımdan birlik, həmrəylik və əməkdaşlıq mesajlarının verilməsi vacibdir və hesab edirəm ki, bu tip görüşlərin ən önəmli mesajı da məhz bundan ibarətdir”.
 


Günel Əlili

#Gündəm #siyasi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər