“Azərbaycan və Bəhreynin regiondakı mövqeləri fərqlidir”-ŞƏRH
Martın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı baş tutub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Azərbaycan balanslı siyasət yürüdür, Bəhreyn isə Körfəz və Qərb xəttinə daha yaxındır:
“Fərq əsasən geosiyasi mövqedədir. Azərbaycanla Bəhreyn arasındakı münasibətlərə baxsaq, Azərbaycan çoxvektorlu siyasət yürüdür. Yəni hər ölkə ilə balanslı və normal siyasi münasibətlər qurmağa çalışır. Azərbaycan heç bir dövlətə tam şəkildə yaxınlaşan və ya ondan asılı mövqe tutan ölkə deyil. Bəhreyn isə Körfəz ölkəsidir və bu səbəbdən region daxilində xüsusi mövqeyə malikdir. Onun verdiyi qərarlar və atdığı addımlar Körfəz ölkələri arasında daha sıx təmaslara səbəb ola bilər. Azərbaycan və Bəhreyn Xarici İşlər nazirləri arasında keçirilən danışıqlarda səsləndirilən narahatlıqlar iki ölkənin regional proseslərə fərqli prizmadan yanaşdığını göstərir. Azərbaycan həm İranla sərhəd qonşusudur, həm də Türkiyə ilə müttəfiqdir. Bəhreyn isə Körfəz ölkəsi olmaqla yanaşı, ABŞ və Qərblə sıx əməkdaşlıq edən dövlətdir. Bu, iki ölkə arasında əsas fərqlərdən biridir. Azərbaycan turizm, neft, iqtisadi, siyasi və diplomatik sahələrdə Körfəz ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır. İranla sərhəddə baş verən hadisələr Azərbaycanın təhlükəsizliyinə birbaşa təsir göstərə bilər. Eyni zamanda Türkiyənin mövqeyi də önəmlidir”.
Həmçinin ekspert vurğulayıb ki, Türkiyənin regiondakı rolu gücləndikcə, Azərbaycanın da mövqeyi güclənir və Azərbaycan müəyyən mənada vasitəçi və ya sabitləşdirici aktor kimi çıxış edə bilər:
“Bəhreyn üçün isə İranda və ümumilikdə regionda baş verən hadisələr birbaşa təsir xarakteri daşıyır. Burada neft daşınması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Körfəz üzərindən həyata keçirilən enerji daşımalarında hər hansı gərginlik və ya bloklanma həm Körfəz ölkələri, həm də Azərbaycan üçün ciddi problemlər yarada bilər. Neft xətləri və tanker daşımaları məsələsi strateji xarakter daşıyır. Digər tərəfdən, Səudiyyə Ərəbistanının Körfəz ölkələri daxilində rolu və regiondakı proseslərə təsiri də Bəhreyn üçün mühüm amildir. Türkiyənin Yaxın Şərqdəki rolu və Azərbaycanın Türkiyə ilə müttəfiqliyi də bu kontekstdə xüsusi yer tutur. Azərbaycan Türkiyə vasitəsilə daha sülhsevər və balanslı mövqe nümayiş etdirərək regional proseslərə təsir göstərə bilər. Bundan əlavə, Azərbaycan beynəlxalq platformalarda-Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və BMT çərçivəsində mövqeyini ifadə edərək enerji təhlükəsizliyi, neft tankerlərinin hərəkəti və boru xətlərinin təhlükəsizliyi məsələlərini gündəmə gətirə bilər. Körfəzdə mümkün gərginlik və İran ətrafında baş verən proseslər fonunda Azərbaycan daha çox balanslı və neytral mövqe saxlamağa çalışa bilər. Bəhreyn isə regionun birbaşa iştirakçısı kimi daha həssas vəziyyətdədir. Enerji daşımaları, tanker təhlükəsizliyi və boru xətləri məsələləri yaxın dövrdə həm Azərbaycan, həm də Körfəz ölkələri üçün əsas müzakirə mövzularından biri olaraq qalacaq”.
Arzu Poladova
