Azərbaycan və Slovakiya arasında hüquqi əməkdaşlığın perspektivləri müzakirə edilib
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, görüşdə F.Abdullayev Azərbaycan ilə Slovakiya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.
O, Konstitusiya Məhkəməsinin fəaliyyəti, ölkədə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və insan hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Sədr Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.
R.Dobrovodski isə iki ölkə arasında əlaqələrin, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafının vacibliyini bildirib.
O, insan hüquqlarının qorunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.