Azərbaycana qarşı hibrid hücumlar artır: informasiya təhlükəsizkiyi əsas prioritetə çevrilir
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı son açıqlama Azərbaycana qarşı aparıldığı iddia olunan hibrid hücum kampaniyalarını yenidən gündəmə gətirib. Xüsusilə beynəlxalq tədbirlər ərəfəsində aktivləşən bu proseslər informasiya müharibəsi, hüquqi təzyiq və geosiyasi maraqlar fonunda ölkənin siyasi təhlükəsizliyi baxımından ciddi müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, son dövrlərdə Azərbaycana qarşı hibrid hücum kampaniyalarının daha çox müşahidə olunduğu danılmaz faktdır:
“Burada söhbət təkcə klassik siyasi təzyiqdən yox, həm də informasiya, hüquqi və diplomatik vasitələrin bir-biri ilə inteqrasiya olunmuş şəkildə istifadə olunmasından gedir. Bu kampaniyanın arxasında regionda təsir imkanlarını qorumaq və ya genişləndirmək istəyən müxtəlif geosiyasi aktorların maraqları dayanır. Cənubi Qafqaz enerji marşrutları, nəqliyyat dəhlizləri və təhlükəsizlik arxitekturası baxımından strateji əhəmiyyət daşıdığı üçün bu rəqabətin daha kəskin hiss olunduğu bölgələrdən biridir. Xüsusilə Azərbaycan son illərdə özünün regional təşəbbüslərini artırdıqca və yeni iqtisadi-siyasi layihələrdə daha fəal rol oynadıqca, bəzi xarici mərkəzlər bu dinamikanı həzm edə bilmirlər. Bu da özünü informasiya kampaniyaları və siyasi təzyiq formalarında göstərir. Ümumiyyətlə, hüquqi təzyiq və dezinformasiya kimi alətlərin artması beynəlxalq münasibətlərdə yeni bir mərhələnin göstəricisidir. Ənənəvi diplomatiyada dövlətlər arasında münasibətlər əsasən rəsmi danışıqlar və müqavilələr üzərindən qurulurdusa, müasir dövrdə qeyri-dövlət aktorları, media strukturları, sosial şəbəkələr və hətta hüquqi institutlar bu prosesdə birbaşa iştirak edirlər”.
Həmçinin Rəşad Bayramov bildirib ki, burada məqsədlərdən biri də ictimai rəyə təsir etməklə dövlətlərin xarici siyasət qərarlarına dolayı təsir göstərməkdən ibarətdir:
“Bu isə beynəlxalq münasibətləri daha mürəkkəb və çoxqatlı bir mübarizə sahəsinə çevirir, burada informasiya təhlükəsizliyi demək olar ki, hərbi və iqtisadi təhlükəsizlik qədər əhəmiyyət qazanır. Belə şəraitdə Azərbaycanın informasiya və siyasi təhlükəsizlik strategiyasının daha sistemli və çoxşaxəli şəkildə gücləndirilməsi vacib görünür. İlk növbədə, informasiya mühitində operativ və etibarlı kommunikasiya mexanizmləri daha da inkişaf etdirilməlidir ki, dezinformasiyaya çevik cavab vermək mümkün olsun. Eyni zamanda, beynəlxalq media platformalarında Azərbaycanın mövqeyinin daha aktiv və ardıcıl şəkildə təqdim olunması vacibdir, çünki informasiya boşluğu çox zaman yanlış narrativlərin yayılmasına şərait yaradır. Digər mühüm istiqamət rəqəmsal təhlükəsizlik və kiber müdafiə sistemlərinin gücləndirilməsidir, çünki hibrid təhdidlər çox vaxt rəqəmsal mühitdən qaynaqlanır. Bundan əlavə, diplomatik səviyyədə strateji kommunikasiya siyasəti daha da genişləndirilməli, beynəlxalq tərəfdaşlarla koordinasiya gücləndirilməlidir. Ümumilikdə isə hibrid təhdidlərə qarşı effektiv mübarizə yalnız bir sahəyə deyil, həm informasiya, həm diplomatiya, həm də texnoloji təhlükəsizlik komponentlərinin birlikdə işlədiyi kompleks yanaşma tələb edir”.
Ədilə Hüseynzadə