00:00:00
Yazar
Nərmin Həşimova
15.05.2026 20:55 203 5 dəq oxuma
Sosial

Azərbaycanda minimum saatlıq əməkhaqqı: Yeni sistem əmək bazarını necə dəyişəcək?

Azərbaycanda minimum saatlıq əməkhaqqı: Yeni sistem əmək bazarını necə dəyişəcək?

Azərbaycanda əmək münasibətlərində mühüm yeniliklər gözlənilir. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişdə minimum saatlıq əməkhaqqının tətbiqi məsələsi gündəmə gətirilib.


Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Səfərov Məhəmməd Yadigar oğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür:


“Bunlardan biri də minimum  saatlıq əməkhaqqı sisteminin  tətbiqi ilə bağlıdır. Qeyd edək ki, saatlıq əməkhaqqı sistemi dünyanın bir çox ölkələrində tətbiq olunur. Azərbaycanda isə minimum aylıq əməkhaqqı sistemi mövcuddur. Hazırda qüvvədə olan "Əmək Məcəlləsi"nin 155.2-ci maddəsinə əsasən, minimum əməkhaqqı - “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Minimum aylıq əməkhaqqı sistemi dedikdə, işçinin tam iş ayı üçün ala biləcəyi ən aşağı məbləğ başa düşülür. Qanunvericiliyə əsasən Azərbaycanda bu 400 manat nəzərdə tutulub.  Əmək qanunvericiliyinə ediləcək yeni dəyişikliyə əsasən minimum saatlıq əməkhaqqı sistemi tətbiq olunacaqdır. Minimum saatlıq əməkhaqqı sistemi dedikdə, işçinin  hər iş saatı üçün alacağı ən aşağı ödəniş məbləği başa düşülməlidir. Saatlıq minimum əməkhaqqı sistemi hüquqi baxımdan daha incə bir tənzimləmə mexanizmidir.Belə ki, dövlət vasitəsilə saatlıq minimum əməkhaqqının miqdarı müəyyən edilir və işəgötürənlər müqavilə bağlayarkən işçiyə bu həddən aşağı ödəniş edə bilməzlər.
Aylıq sistemdə qısamüddətli işçinin nə qədər alacağı qeyri-müəyyəndir, məbləğ işəgötürənin istəyinə görə dəyişir”.


Məhəmməd Səfərov vurğulayıb ki, saatlıq sistemdə isə hər saat üçün minimum hədd qanunla müəyyən olunur:


“Yəni, işçi neçə saat işlədiyini, işinə görə  nə qədər əməkhaqqı alacağını bilir, işəgötürən də bunu azalda  bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Bu dəyişikliklər arasında saatlıq əməkhaqqı sisteminin tətbiqi, məsafədən işin tənzimlənməsi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və qadınlara, ailə üzvü olan işçilərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm müddəalar yer alır. Mövcud vəziyyətə baxsaq, hazırda qüvvədə olan "Əmək Məcəlləsi"nin 89 və 90-cı maddələri gündəlik maksimum 8 saat, həftəlik isə 40 saatlıq iş normasını müəyyən edir. Saatlıq sistemə keçid üçün isə ilk növbədə, minimum əməkhaqqını birbaşa saatla bağlayan ayrıca norma Məcəlləyə daxil edilməlidir. Bundan əlavə, natamam iş vaxtı müqavilələrinin bağlanması qaydaları daha ətraflı tənzimlənməli, işəgötürənlərin saat uçotunu aparmaq öhdəliyi gücləndirilməli, vergi orqanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında məlumat mübadiləsi mexanizmi ciddi şəkildə möhkəmləndirilməlidir. Ekspertlərin vurğuladığı kimi, elə bir mexanizm hazırlanmalıdır ki, işçilərin hüquqları pozulmasın. Bu, təkcə bir maddənin dəyişməsi deyil, bir sıra əlaqəli normların sistemli yenilənməsini tələb edən islahatdır. Həmçinin qanunvericilikdə saatlıq minimum əməkhaqqının məbləği müəyyən edilərkən bu rəqəmin müntəzəm olaraq, iqtisadi göstəricilərə uyğun şəkildə artırılması mexanizmi də nəzərdə tutulmalıdır. Bu sistem ilk növbədə qeyri-standart iş rejimlərində çalışanları qoruyacaq".

 

Məhəmməd Səfərov vurğulayıb ki, ölkədə qısa müddətli işə götürmə geniş yayılıb:

 

"Günlük, beşgünlük, həftəlik müqavilələrlə çalışan işçilər üçün saatlıq minimum əməkhaqqının tətbiqi daha effektiv və məntiqlidir. Bundan əlavə, saatlıq sistem xüsusilə həftə sonları, iş saatlarından sonra və bayram günlərində çalışan işçilərin daha yüksək tarifli əməkhaqqı almasına, beləliklə maaşlarının artmasına birbaşa təsir göstərəcək.
Yeni sistemin tətbiqi nəticəsində ticarət və xidmət sektorunda yarımştat çalışanlar, inşaat və kənd təsərrüfatında mövsümi işçilər, habelə evdə baxıcılıq və təmizlik kimi qeyri-formal xidmət sahələrindəki çalışanlar bu dəyişiklikdən birbaşa faydalanacaqdır. Bunlarla yanaşı, bu gün getdikcə daha çox yayılan platforma iqtisadiyyatı işçiləri - yəni rəqəmsal tətbiqlər vasitəsilə xidmət göstərən sürücülər və kuryerlər - də saatlıq sistemin əsas faydalanıcıları arasında olacaq. Bu işçilər tam iş günü deyil, istədikləri saatlarda çalışdıqlarından və aylıq deyil, hər iş üçün ayrıca ödəniş aldıqlarından aylıq minimum əməkhaqqı sistemi onları praktiki olaraq qorumur. Saatlıq sistem isə bu boşluğu bağlayacaq. Statistikaya görə, hazırda ölkədə 700 mindən çox nəfər minimum əməkhaqqı ilə çalışır - bunun 300 mini özəl sektordadır. Məhz bu kateqoriyadan olan işçilər üçün saatlıq sistem real hüquqi müdafiə mexanizminə çevrilə bilər. Lakin sistemin tətbiqi ilə yanaşı, saatlıq minimum əməkhaqqının artırılması da mütləq şərtdir. Hazırda bu göstərici 1.79 manat təşkil edir ki, bu da son dərəcə aşağıdır. İnkişaf etməkdə olan ölkələrin praktikasına uyğun olaraq həmin rəqəm ən azı 2 dəfə artırılmalı, yəni təxminən 3.4 manata - 2 dollar səviyyəsinə çatdırılmalıdır. Onu da qeyd edək ki, hazırda qüvvədə olan Əmək Məcəlləsinin 155.6-cı maddəsinə 13 fevral 2026-cı il tarixdə edilən dəyişikliyə əsasən minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə ildə bir dəfədən az olmayaraq yenidən baxılır. Fikrimizcə bu müddəa yalnız minimum əməkhaqqının  məbləginə deyil, eyni zamanda minimum saatlıq əməkhaqqının məbləğinə də şamil edilməlidir”.

 

İqtisadçı Günay Hüseynova isə qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən saatlıq minimum əməkhaqqı ildə ən azı 1 dəfə artırıla bilər:


“Artıq qanun şəklində də qəbul olunub. Bu da onu deməyə əsas verir ki, istehlak səbətində artım olduqda minimum əməkhaqqı da konteksdə artacaq. İkinci bir məsələ isə məbləğin nə qədər olması ilə bağlıdır. Bu da ilk növbədə dövlət qurumlarının hazırladığı layihə və fiskal qiymətləndirmə ilə bağlıdır. Minimum əməkhaqqı sisteminin hazırkı maaş modelindən fərqinə qaldıqda isə minimum saatlıq əməkhaqqı ilə orta əməkhaqqı arasındakı nisbət 37 faiz, lakin minimum bu göstərici 50 faizin üzərində olmalıdır. Hazırkı əməkhaqqı ilə fərqinə qaldıqda isə ilk növbədə sərt siyasət və ciddi yoxlanış olmalıdır, əks halda heç bir fərq olmayacaq. Bu sistemin tətbiqinə ehtiyac yaradan iqtisadi səbəblərə qaldıqda isə əmək qanunvericiliyində olan əlavə ,dəyişikliyə əsasən saatlıq əməkhaqqı ildə minimum 1 dəfə qaldırıla bilər. Bu da onu deməyə əsas verir ki,istehlak səbətinin xərcləri artanda əgər indiki kimi gəlir artmırsa, balans pozulur, onun üçün də minimum əməkhaqqının tətbiqi vacib addımdır. Lakin bu xırda bir məqam var ki o da inflyasiyanın sürətlənməsidir. Minimum əməkhaqqının daha çox hansı sahələrdə tətbiqinə qaldıqda isə əsasən xidmət sahəsi və bununla bağlı işlər ola bilər deyə düşünürəm”.


Cavahir Əsgərbəyli

#əməkhaqqı #minimum #yeni sistem #dəyişiklik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər