00:00:00
Yazar
Səadət Əlizadə
12.10.2026 21:09 27 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5% artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.


 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qeyri-neft sektoru üzrə ixracın artımında neft və qaz emalından əldə edilən məhsullar da mühüm rol oynayır:

 

"Qeyri-neft sektoru anlayışına neft və qaz emalından alınan bir sıra məhsullar da daxildir. Çünki bu təsnifatda əsasən xam neft və təbii qaz hasilatı neft-qaz sektoruna aid edilir, emal məhsulları isə qeyri-neft-qaz ixracı çərçivəsində nəzərə alınır".

 

Ekspert qeyd edib ki, ölkədə qızıl və dəmir filizi kimi faydalı qazıntıların hasilatı və emalı da ixrac göstəricilərinə təsir edir:

 

 

"Xüsusilə son dövrlərdə dəmir filizinin emalı və ixracının artması, eləcə də kənd təsərrüfatında müşahidə olunan artım qeyri-neft sektoru üzrə ixracın genişlənməsinə töhfə verir. Natiq Cəfərlinin fikrincə, qeyri-neft sektorunun ixracında emal sənayesinin xüsusi rolu var. Belə ki, neft və qazdan əldə edilən gübrələr və digər emal məhsulları da qeyri-neft-qaz məhsulları kimi ixrac olunur. Bu amil həmin sektor üzrə ixrac göstəricilərinin artmasına səbəb olur".

 

Ekspert vurğulayıb ki, Azərbaycanın əsas diqqət yetirməli olduğu istiqamətlərdən biri kənd təsərrüfatı və aqrar sektorun inkişafıdır:

 

"Onun sözlərinə görə, bu sahədə ölkənin böyük potensialı mövcuddur və həmin potensialdan daha səmərəli istifadə etmək lazımdır. Natiq Cəfərli bildirib ki, kənd təsərrüfatı məhsullarının yalnız xammal və ya ilkin məhsul şəklində ixracı ilə kifayətlənmək düzgün yanaşma deyil. Məhsulların emalını təşkil etməklə əlavə dəyər yaratmaq və xarici bazarlara daha geniş çeşiddə məhsullar çıxarmaq mümkündür. Məsələn, meyvə-tərəvəzdən turşular, cemlər və müxtəlif yarımfabrikatlar istehsal edilərək ixrac oluna bilər".

 

İqtisadçının fikrincə, aqrar məhsulların emalının genişləndirilməsi və əlavə dəyəri yüksək olan məhsulların ixracının artırılması Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verə bilər.

 

Səadət Əlizadə

 

#yeni #qeyri-neft #baki #artıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər