Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı (Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Şimali Kipr Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, görüşdə Pİ-nin təşkilata üzv ölkələrin qanunvericilik orqanları arasında münasibətlərin daha da dərinləşdirilməsi və bir sıra mühüm məsələlərin müzakirəsi baxımından əlverişli platforma olduğu bildirilib.
Tərəflər həmçinin parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar.
S. Qafarova qonaqla bundan öncəki görüşünü məmnunluqla xatırlayaraq, həm parlament sədrləri, həm də deputatlar arasında mövcud olan təmasların, qarşılıqlı səfər və görüşlərin əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.
Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarının əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub, həmçinin Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Respublikası Böyük Millət Məclisi və Şimali Kipr Məclisinin dostluq qruplarının üçtərəfli formatda görüşlərinin keçirilməsi də təqdirəlayiq addım kimi qiymətləndirilib.
Söhbət zamanı Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstək yüksək qiymətləndirilib.