00:00:00
Yazar
Ayan Sadi
23.10.2026 23:00 34 3 dəq oxuma
Siyasət

Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atdığı addımlar

Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atdığı addımlar

Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması və regionda nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Layihənin həyata keçirilməsi Azərbaycanın regional tranzit imkanlarının artırılması və Türk dünyası ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

 

 

Mövzu ilə bağlı deputat Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulması deməkdir. Bu, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılması istiqamətində atılacaq mühüm addımlardan biri kimi qiymətləndirilir.

 

 

“Naxçıvana yüklər İran ərazisindən keçməklə daşınır və gömrük prosedurlarına məruz qalır. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqə yaradaraq yüklərin “Azərbaycandan Azərbaycana” prinsipi ilə daşınmasına imkan verəcək”. 

 

 

Deputat qeyd edir ki, Zəngəzur dəhlizi gələcəkdə Orta Dəhlizin iki mühüm istiqamətindən birinə çevrilə bilər. İstiqamətlərdən biri Gürcüstan üzərindən həyata keçirilən yük daşımaları və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlıdır. Zəngəzur dəhlizinin açılması isə beynəlxalq yükdaşımalar üçün əlavə imkanlar yaradacaq və layihənin strateji əhəmiyyətini artıracaq.

 

 

 

“Gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə beynəlxalq yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Müxtəlif proqnozlara görə, 2040-cı ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi 15 milyon tona çata, uzunmüddətli perspektivdə isə 70–80 milyon tona qədər yüksələ bilər. Bu göstəricilər Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat marşrutu kimi strateji əhəmiyyətini ortaya qoyur”. 

 

 

Azər Allahverənovun sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturun yaradılması vacibdir. Bu baxımdan, Azərbaycanın Ağbəndə qədər avtomobil və dəmir yollarının çəkilməsi istiqamətində apardığı işlər yekunlaşmaq üzrədir. Layihə Ağbənddən Mehri üzərindən Naxçıvana doğru yük və sərnişin daşımalarını nəzərdə tutur. Azərbaycan bu istiqamətdə zəruri infrastrukturun yaradılması işlərini davam etdirir.

 

 

“ Azərbaycan bu istiqamətdə multimodal daşımaların həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edir. Bu baxımdan, Füzuli Beynəlxalq Hava Limanı da yükdaşımaların inkişafına töhfə verə biləcək mühüm infrastrukturdur. Həmçinin Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının təkmilləşdirilməsi və dəmir yolunun bərpası istiqamətində zəruri işlər görülür. Beləliklə, Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz üzərinə düşən infrastruktur işlərini həyata keçirir”. 

 

 

Deputat Azərbaycanın siyasi müstəvidə də zəruri addımlar atdığını vurğulayıb. Xüsusilə, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsi məsələsi diqqət mərkəzindədir. Bu baxımdan, tərəflər arasında razılaşdırılmış məsələlərin icrası Zəngəzur dəhlizinin reallaşdırılması prosesində mühüm əhəmiyyət daşıyır.

 

 

“Azərbaycan müxtəlif dialoq platformaları vasitəsilə kommunikasiyaların açılması istiqamətində siyasi səylərini davam etdirir. Bir sıra dövlətlər də Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında maraqlı olduqlarını ifadə edirlər. Beynəlxalq platformalarda dəhliz və TRIPP marşrutu ilə bağlı müzakirələrin aparılması layihənin regional və beynəlxalq əhəmiyyətini artırır.

Bununla belə, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələlər hələ də siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır”.

 

 

 

Aynur Əhmədli

#atdığı #xəbər #dəhlizinin #addımlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər