00:00:00
Yazar
Güllər Gülhüseynova
27.02.2026 20:49 136 3 dəq oxuma
Siyasət

Azərbaycanla atəşkəsdə Putinin rolu…- Paşinyan

Azərbaycanla atəşkəsdə Putinin rolu…- Paşinyan

“Biz Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyirik”.

 

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

 

“Xüsusilə vurğulamaq lazımdır ki, 2020-ci ilin noyabr ayında Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla atəşkəsdə həlledici rol oynayıb”, - o bildirib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın bölgədə nüfuzunun artmasından və Ermənistanla əməkdaşlığından narahatdır:

 

“Şübhə yoxdur ki, Azərbaycanın səmərəli xarici siyasəti nəticəsində bir sıra dünya ölkələri ilə sıx münasibətləri inkişaf edir və bu zəmində iqtisadi, ticari əlaqələr də yüksək templə davam edir. Nəticədə, regionda Azərbaycan əsasən Türkiyə ilə böyük əhəmiyyətli müttəfiqliyə malik olmaqla, Gürcüstan və Ermənistanla da sülh prosesindən doğan normal əlaqələrə sahib olub. Qarşıda isə daha səmərəli layihələr və ticari, iqtisadi bağlar yaranmağa geniş üfüqlər açılır. Rusiya Azərbaycanın regionda nüfuzunun artmasından və güclənməsindən, eyni zamanda Ermənistan və digər ölkələrlə əməkdaşlıq qurmasından narahatdır. Odur ki, Ermənistana basqılar və təsirəsalma mexanizmləri üzərində işləyir. Eyni zamanda, Ermənistanın özü də bu mühitdən müəyyən balans üçün istifadə etməyi düşünür. Baş nazir Paşinyanın Rusiyanın rolunu dilə gətirməsi yenidən Moskva ilə İrəvan arasında sıx bağların yarana biləcəyinə işarə olmaqla yanaşı, Kilsə də daxil olmaqla ölkəsindəki Rusiya tərəfdarlarını neytrallaşdırmaq üçün ola bilər. Mütəmadi olaraq Rusiya Baş nazir Paşinyanı devirmək üçün müəyyən əlaltıları vasitəsilə üsyan, etiraz, qiyam dalğalarının yaranmasına rəvac verir”.

 

Ekspert qeyd edib ki, Paşinyan atəşkəsdə Rusiyanın rolunu vurğulasa da, bu atəşkəsin Azərbaycanla onların arasında baş tutduğunu unutmamalıdır:

 

“Mümkündür ki, Paşinyan Qərbə yaxınlaşmaqla Rusiya ilə vəziyyəti çox da gərgin saxlamaq istəmir. Ancaq Ermənistanın Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyi Azərbaycanla sülh prosesinə xələl gətirməməlidir. Cənubi Qafqazda yenidən Rusiya təxribatlarının işə düşməsi suyu bulandıra bilər. Ermənistan tərəfi Rusiya ilə münasibətlərdə Azərbaycanın rolunu istisna edə bilməz. Ələlxüsus da, atəşkəsin baş tutmasında Rusiyanın rolunu qeyd edən Paşinyan unutmamalıdır ki, sözügedən atəşkəs məhz Azərbaycanla öz aralarında baş tutub. Odur ki, Rusiya ilə istənilən münasibət Azərbaycanın maraqları əleyhinə olmamalıdır. Hələ sülh müqaviləsi imzalanmayıb. Şübhəsiz ki, Azərbaycanla da münasibətləri könülaçan olmayan Rusiya öz maraqları naminə sülhə maneələr də yaratmaqda istəkli ola bilər. Yəni, bu prosesə əsas vasitəçilik edən və sülh sənədinin paraflanmasında imzası olan ABŞ ilə də siyasətinə xələl gətirməməlidir. Təbii ki, qonşuluq münasibətləri və müəyyən münasibətlərin və diplomatik əlaqələrin davam etməsi mümkündür. Əgər Ermənistan ilə Rusiyanın münasibətləri Azərbaycana və digər regional maraqlara xələl gətirə bilərsə, bu gedən proseslərə də təsir edə bilər. Hazırda sülh prosesi üzərində işlər gedir və bu proseslərdə də Azərbaycan əsas tərəfdir. Sülhün təməlləri üzərindən fayda götürmək istəyən Rusiya Azərbaycan ilə münasibətlərini düzəltməli, məlum sərnişin təyyarəsinin vurulması və Ukraynadakı səfirliyimizə edilən hücumla bağlı boynuna düşən öhdəlikləri icra etməlidir. Ermənistanın Rusiya ilə aralarındakı münasibətləri inkişaf etdirməsi daxili məsələləri olsa belə, bu münasibətlər Azərbaycana və sülh prosesindən doğan məqsədlərə xələl gətirməməlidir”.

 

Lalə Qurbanlı

#paşinyan #rolu…- #azərbaycan #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər