Azad kapitanın azadlıq mübarizəsi
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Azərbaycan torpağı - uğrunda mübarizə aparmış, şəhidlər vermiş igid, qəhrəman oğulların yaşadığı və yaşatdığı torpaqdır. O torpaq ki, illərdir, hətta əsrlərdir hərbi-strateji, coğrafi mövqeyinə, bitməz-tükənməz sərvətinə görə düşmənlərin məkrli planları ilə üzləşib.
Azad Azərbaycanımız uğrunda şəhid olan, qəhrəman, mərd, igid oğullardan biri isə Zeynalovlar ailəsinin böyük övladı Azaddır.
Azad 1987-ci il yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Çomaxtur kəndində doğulub. Azadın özündən kiçik bacısı və qardaşı var.
O, 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verir. 15 yaşlı Azadın həyatında bu addımı böyük rol oynayır, imtahanda uğurlu nəticə göstərərək liseyə qəbul olunur. 2005-ci ildə isə o, Bakıya - Heydər Əliyev adına Hərbi Akademiyaya göndərilir. Beləliklə, gənc Azad seçdiyi hərb yolunda uğurlarını qazanmağa başlayır.
2009-cu il 22 iyunda “leytenant” hərbi rütbəsi alır, 2010-cu il 23 iyun tarixində isə N saylı hərbi hissənin mühafizə bölüyündə “komandir” vəzifəsinə layiq görülür.
2013-cü ildə “baş leytenant” hərbi rütbəsi alır. Daha sonra isə 2017-ci ildə ona “kapitan” hərbi rütbəsi verilir - Azad kapitan!
Azad Zeynalov 44 günlük Qarabağ müharibəsində də vətənini yalnız qoymur. O, sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə yollanır. Həyatının çiçəklənən çağında xalqı, torpağı uğrunda qəhrəmancasına şəhid olur.
Ailəsi Azadla bağlı danışarkən bir tərəfləri kədərlə sızlasa da, duzlu-məzəli sözlərini xatırladıqda, üzlərində təbəssüm yaranır. Ailəsi deyir ki, Azadın unuda bilməyəcəkləri xatirələrindən biri də qardaşı Hüseynə verdiyi sual idi: “Gələcəkdə Aslan üçün nə edərsən?” Görəsən bu sualı verərkən nələr keçirirdi ağlından? Heç ağlına gələrdimi ki, üç il sonra canından çox sevdiyi oğlu Aslanı Hüseynə əmanət edəcək?
Anası Səkinə xanım deyir: ”Balam müharibəyə gedəndən mənim ürəyimə ağrı girmişdi, həmişə qəlbimdə elə bir hiss var idi ki, sanki Azadım ordan gələ bilməyəcək, mən bir də onu bağrıma basa bilməyəcəm, bir də Azadımın dilindən “ana” kəliməsini eşitməyəcəm”.
Azad 2 oktyabrda oğlu Aslan və həyat yoldaşı Cəvahir xanıma görüntülü zəng edir. Bu telefon danışığı zamanı ailəsi onun çox kövrək olduğunu qeyd edirlər. Sanki on gün sonra düşmən gülləsinə tuş gələcəyini öncədən hiss edirdi...
6 oktyabrda isə Azad ailəsinə son zəngini edir. O, bu zaman heç vaxt üzünün görməyəcəyi, qucağına ala bilməyəcəyi, ata sevgisindən ömürlük məhkum olan, may ayında doğulacaq körpəsinin necə olduğunu soruşur...
Azad oktyabrın 11-i Füzuli istiqamətində gedən döyüşlərdə yaralı əsgərini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gələrək ağır yaralanır. On dörd gün reanimasiyada ölümlə mübarizə apardıqdan sonra şəhadətə ucalır.
Bəli, 26 oktyabrda kapitan Azad Zeynalov şəhidlik zirvəsinə ucalır!
Ruhun şad olsun, kapitan Azad Zeynalov! Uğrunda canından keçdiyin torpaq artıq azaddır!
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbəsi
Cənnətzadə Lamiyə
