Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib
Donald Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların tarixi əhəmiyyət daşıdığını bildirərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Aydın Quliyev bildirib ki, Trampın ABŞ prezidenti seçilməsi ilə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başlayıb:
“Bu mərhələnin bir sıra xüsusiyyətləri var. Trampın dönəmində Azərbaycan-ABŞ münasibətləri özünün yeni xüsusiyyətləri ilə seçilib. Bu münasibətlərdə keçmiş demokrat prezidentlərdən qalmış zərərli mirasın aradan qaldırılmasını qeyd edə bilərəm. Xüsusilə, Baydenin dövründə həm Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri var idi, həm də ABŞ tərəfindən Ermənistanın bölgədəki siyasətinə birmənalı şəkildə dəstək göstərilib. Bu, həm Ermənistanın daha da aqressivləşməsinə təsir edib, həm də Azərbaycanla sülh prosesinə mənfi təsir göstərib. Belə şəraitdə ABŞ siyasətinin dəyişməsinə çox ehtiyac var idi.
Tramp müxtəlif “demokratik şüarlar” altında Azərbaycanın daxili işlərinə müdaxilə proqramlarının fəaliyyətini dayandırıb. Əvvəlki administrasiyalar Rusiya ilə geosiyasi mübarizəni daha çox qabardıblar. Bəlkə də Bayden hakimiyyəti davam etsəydi, Azərbaycan və Ermənistan sülhünün Vaşinqtonda paraflanması prosesi baş verməzdi. Tramp bölgədə sülhə dəstəyini ardıcıl şəkildə davam etdirsə, Cənubi Qafqazda Amerikanın nüfuzu dərinləşə bilər".
Aygün Babayeva
