Azərbaycan-Aİ arasında strateji yaxınlaşma
Brüsseldə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə keçirilən görüş Azərbaycan-Aİ münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təqdim etdiyi məlumatlar xüsusilə ölkəmizin sülh gündəliyi, bölgədə dayanıqlı sabitlik və Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün əhəmiyyəti kimi əsas məsələləri əhatə edir. Bu görüş həm Aİ-nin regiona marağını, həm də Azərbaycanın bu platformadakı diplomatik aktivliyini artırdığı bir zamanda baş tutması ilə diqqət çəkir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov "İnformator.az"a bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:
"Azərbaycanın ixracının 60 faizindən çoxu, ümumi ticarət dövriyyəsinin isə yarıdan çoxu məhz Avropa İttifaqının payına düşür. Bu fakt ondan xəbər verir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında ciddi iqtisadi münasibətlər formalaşıb. Azərbaycanın mavi qaz ixrac etdiyi 14 ölkədən təxminən 8-i Avropa İttifaqına üzv dövlətlərdir, ümumilikdə isə 10-u Avropa qitəsində yerləşir. Bu isə göstərir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biridir. Bu baxımdan, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Brüsseldə keçirdiyi görüşlər və aparılan müzakirələr həm nəqliyyat marşrutlarının genişləndirilməsi, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələlərin irəli aparılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaqda maraqlı olduğunu göstərir. Digər tərəfdən isə, Azərbaycan sülh gündəliyini dəstəkləyir. Çünki sülh gündəliyinin təşviqi Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrin bərpası və düşmənçilik səhifəsinin bağlanaraq əməkdaşlıq və sülh mərhələsinə keçidinə şərait yaradır. Zəngəzur dəhlizi yalnız Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat əlaqəsinin bərpası demək deyil. Bu dəhliz həm də bütün Cənubi Qafqaz regionu, eləcə də aparıcı dövlətlər və birliklər üçün yeni imkanlar açır. Çünki Zəngəzur dəhlizi Avropa İttifaqı da daxil olmaqla bir çox ölkələrə öz məhsullarını müxtəlif bazarlara daha sürətli və səmərəli şəkildə çıxarmağa imkan verəcək. Ona görə də Avropa İttifaqı iqtisadi baxımdan Zəngəzur dəhlizinin reallaşmasında və prosesin daha sürətlə həyata keçirilməsində maraqlı olmalıdır. Bundan əlavə, Zəngəzur dəhlizi təkcə iqtisadi yol deyil, həm də sülh dəhlizi kimi dəyərləndirilir. Bu marşrut regionda sülhün və dayanıqlı sabitliyin formalaşmasına ciddi töhfə verəcək. Regionda sülhün möhkəmlənməsində maraqlı olan bütün tərəflər də bu dəhlizin həyata keçirilməsində birmənalı şəkildə maraqlı olmalıdırlar".
Xumar Emilqızı
