“Azərbaycan artıq təkcə regional deyil, qlobal səviyyədə siyasi gücə çevrilib ”
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı və Yaxın Şərq regionunda əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı siyasi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı dəstək məsələlərinin müzakirə olunacağı gözlənilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasət nəticəsində ölkəmiz həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur:
“Azərbaycan Avropa və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı genişləndirdiyi kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin Misirə səfəri bu siyasətin məntiqi davamıdır. Azərbaycan artıq təkcə regional deyil, qlobal səviyyədə siyasi gücə çevrilib və yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Şarm əl-Şeyxdə keçirilən bu sammit Yaxın Şərqdə sülhün təmin olunması baxımından mühüm hadisədir. Azərbaycanın yüksək səviyyədə iştirakı ölkəmizin qlobal sülh təşəbbüslərində fəal rol oynadığını nümayiş etdirir. Sammitdə İsrail–Fələstin münaqişəsi, Qəzza bölgəsinin bərpası və uzunmüddətli sülhün bərqərar olması kimi məsələlər müzakirə olunur. Bu prosesdə Azərbaycanın iştirakı həm də region ölkələri ilə münasibətlərimizin yeni mərhələyə qədəm qoyması deməkdir”.
Həmçinin Rəhimzadə bildirib ki, Azərbaycanın Ərəb dünyası ilə tarixi və mədəni bağlılıqları bu əməkdaşlığa dərinlik qazandırır:
“2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında imzalanmış Anlaşma Memorandumu, ölkəmizin təşkilatda müşahidəçi statusu, Misirlə siyasi dialoqun fəallaşması bu əlaqələrin sistemli şəkildə inkişaf etdiyini göstərir. Bu səfər Azərbaycan–Misir münasibətlərində yeni səhifə açacaq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da gücləndirəcək. Azərbaycanın diplomatik fəallığı və multikultural dəyərlərə söykənən siyasəti onu Yaxın Şərqdə sülh prosesinə real töhfə verən ölkələrdən birinə çevirib. Azərbaycan dinlərarası dialoq və sülh mədəniyyətinin təşviqində mühüm rol oynayır. Yaxın Şərq kimi mürəkkəb geosiyasi məkanda balanslı siyasət yürüdən bir dövlət kimi ölkəmiz regionda ədalətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasına dəstək verir. Bu, Azərbaycanın beynəlxalq sistemdə artan geosiyasi çəkisini bir daha təsdiqləyir”.
Ayşə Müzəfərli
