Azərbaycan–BƏƏ münasibətləri: yeni əməkdaşlıq mərhələsi
Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul düzülüb. Dövlət başçısı İlham Əliyev onu yola salıb.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov "İnformator.az"a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri yaxın Şərqdə öz iqtisadi imkanlarına görə mühüm dövlətlərdən biridir:
"Əhalisinin sayı və ərazisinin böyüklüyü baxımından Azərbaycanla oxşarlıqlar mövcuddur. Bununla yanaşı, Əmirliklərin iqtisadi inkişaf təcrübəsi Azərbaycan üçün maraqlı nümunədir. Xüsusilə investisiya baxımından BƏƏ Azərbaycanın cəlbedici tərəfdaşlarından hesab olunur. 44 günlük müharibə dövründə Ermənistan rəhbərliyinin ən böyük diplomatik səhvlərindən biri məhz BƏƏ ilə münasibətləri pozmaq oldu, çünki bu, həm siyasi, həm də iqtisadi baxımdan ciddi nəticələrə gətirib çıxardı. Hazırkı vəziyyətdə isə Azərbaycanla BƏƏ münasibətlərində intensiv əməkdaşlıq xətti əsas istiqamət kimi müəyyənləşib. Bunun nəticəsi olaraq ölkə rəhbərləri və nazirliklər səviyyəsində tez-tez görüşlər keçirilir".
Ekspert qeyd edib ki, yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir vaxtda BƏƏ lideri Azərbaycana səfər edərək Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevlə görüşüb:
"Bu, sadəcə diplomatik təmas deyil, həm də Qarabağda Azərbaycanın həyata keçirdiyi yenidənqurma proseslərinə BƏƏ-nin maraq göstərdiyini nümayiş etdirir. Ümumilikdə, Azərbaycanın xarici siyasəti 44 günlük müharibədən sonra daha da genişlənib. Ölkə əvvəlki illərdə sıx əlaqələrinin olmadığı regionlarla əməkdaşlığı intensivləşdirir. Bu baxımdan, BƏƏ Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin yeni mərhələsinə təkan verən vacib hadisə kimi qiymətləndirilə bilər".
Sura Əliyeva