Azərbaycan–Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilir
Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir.
Toplantıya Azərbaycan tərəfindən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik edir.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında qeyd edib ki, Azərbaycan xarici siyasətində mühüm yer tutan ölkələrdən biri də Belarussiyadır:
“Belarus hakimiyyəti hər zaman Azərbaycanın yanında olub, milli məsələlərdə – ümumiyyətlə, münaqişə dövründə Belarusla Azərbaycanın əlaqələri yüksək səviyyədə inkişaf edib. Belarus–Azərbaycan arasındakı bu cür yaxın əlaqələrin qurulması, strateji müttəfiqlik dərəcəsinə az qalan münasibətlərin formalaşması olduqca önəmlidir. Belarus kifayət qədər Azərbaycan üçün strateji ölkələrdən sayılır. Azərbaycan–Belarus arasında kifayət qədər yaxın əlaqələr qurulub – bütün istiqamətlər üzrə. Təbii ki, yeni razılaşmalar bunların üzərində olacaq. Azərbaycan və Belarus hər zaman yaxın münasibətdə olub. Xarici siyasətdə mövqeləri demək olar ki, üst-üstə düşür. Diqqət etsəniz, Azərbaycan və Belarus arasında müstəqillik illəri ərzində ciddi bir gərginlik yaşanmayıb. Gələcəkdə Komissiya fəaliyyətini genişləndirəcək. 15-ci Komissiyanın iclasının keçirilməsi də bunu göstərir ki, Komissiyaya hər iki dövlət ciddi diqqət ayırır. Azərbaycan–Belarus, Belarus–Azərbaycan üçün MDB məkanında çox yaxın, vacib ölkələrdir, bir-birinə çox lazımdır. Bu əməkdaşlığın davam etdirilməsi hər iki ölkə üçün qələbədir”.

Mələk Hüseynova
