Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını imzalayıb
25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər təntənəli imzalanma mərasimi keçirilib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, kibertəhlükəsizliyə qarşı müqavilə beynəlxalq miqyası əhatə edən konvensiyadır:
"Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığın qarşısının alınmasına yönəlmiş və dövlətlər arasında əməkdaşlığı özündə ehtiva edən çox mühüm, qlobal əhəmiyyətli sənəddir. Azərbaycanın bura qoşulması da ölkəmizin də kibercinayətkarlığa həm mübarizə səviyyəsinin yüksəldilməsinə, eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlar və digər dövlətlər ilə bu sahədə əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək bir məsələdir. Son zamanlar da dünyada kibercinayətkarlığın statistikasında xeyli sayda yüksəliş var, yəni kibercinayətkarlığın sayı artıb. Həmçinin, Azərbaycanda da bizə buna tez-tez rast gəlirik ki, kiberdələduzlar artıq kifayət qədər aktivləşiblər. Müxtəlif yeni metodlardan istifadə edərək cinayətlər törədirlər. Azərbaycan Hüquq Mühafizə Orqanları kibercinayətkarlığın aradan qaldırılmasında olduqca peşəkar şəkildə fəaliyyət göstərirlər. Bu məsələlərlə bağlı çox mühüm əməliyyatlar həyata keçirilib və bu hadisələrin istiqamətində mühüm addımlar atılıb. Lakin bunlara baxmayaraq kibercinayətkarlığ elə bir sahədir ki, burda təkcə Hüquq Mühafizə Orqanlarının fəaliyyəti kifayət etmir. Həmçinin, vətəndaşların özünün də ayıq-sayıq olması, bəzi məlumatlara və vədlərə inanmaması çox əhəmiyyətlidir. Yəni, bununla bağlı da kibercinayətkarlığın baş verməməsi üçün vətəndaşların arasında maarifləndirmə işinin aparılması məsələləri var ki, Hüquq Mühafizə Orqanları bu işdə fəallıq göstərir. Dəfələrlə də Respublika Daxili İşlər Nazirliyi maarifləndirici videolar çəkir, bununla bağlı müəyyən məlumatlar paylaşılır ki, insanlar belə dələduzlara inanmasınlar. Bu artıq dünyada yaranan yeni cinayətkarlıq növüdür. Dövlətlər arasında bu məsələlərlə bağlı əməkdaşlığın edilməsi çox mühümdür. Azərbaycan bu konvensiyaya qoşulmaqla həm dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə, həm də beynəlxalq təşkilatlarla kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində mühüm addımlar atılacaqdır".
Günel Əlili
