Azərbaycan Cənubi Qafqazda sülhü təmin edən faktora çevrilib
Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni geopolitik reallıq regionda sülh və təhlükəsizliyin əsas təminatçısı kimi ölkəmizin rolunu daha da gücləndirib. Bu proses fonunda Ermənistanın daxili siyasi mübarizəsi, diaspor qüvvələrinin təsir imkanları və Qarabağdan kənarda fəaliyyət göstərən “Artsax nümayəndəlikləri” mövzusu yenidən gündəmə gəlib.
Politoloq Zaur İbrahimli “İnformator.az”a açıqlamasında "Artsax nümayəndəlikləri”nin onsuzda diplomatik ofis kimi fəaliyyət göstərmədiklərini bildirib:
“Diplomatik statusa da malik deyillər. Onların maliyyələşdirilməsi həm diasporanın ianələri, həm də Ermənistan hökümətinin dəstəyi sayəsində həyata keçirilirdi. İndiki müşayiət etdiyimiz məqamda Paşinyan komandası bunda maraqlı görünmür. Çünki, “Artsax Respublikasının” keçmiş rəhbər və bürokratiyası tamamilə revanşist müxalifətin tərəfindədir. Paşinyan onları özünə rəqib kimi görür. Azərbaycan tərəfinin gözləntisi, erməni diasporunun aqressiv hərəkətlərinə qarşı Paşinyan daha cəsarətli mövqe tutmasından ibarətdir. Artsax nümayəndəliklərinə qarşı Paşinyan birmənalı mövqe ortaya qoymalıdır. Əlbəttə formal olaraq Ermənistan höküməti deyə bilər ki, bu nümayəndələrin bizə heç bir dəxli yoxdur. Amma məlum məsələdir ki, onlar üçün bütün əlaqə, kanallar və şəbəkələr Ermənistan səfirlikləri vasitəsi ilə həyata keçirilir. Bütün bu fəaliyyətlərə bir mənalı şəkildə son qoyulmalıdır. Paşinyanın komandası bununla bağlı açıq ictimai mövqe nümayiş etdirməlidirlər. Həm erməni ictimaiyyəti həm də bütün dünya görməlidir ki, Ermənistan bu təşkilatlanmanı dəstəkləmir. Burada həm də hüquqi məsələlər var. Qondarma “Dağlıq Qarabağ Respublikasının qondarma rəhbərləri Azərbaycanda insanlıq və bəşəriyyət əleyhinə həmçinin müharibə cinayətlərində mühakimə olunurlar. Məhkəmə prosesində onların əməlləri dəlil və sübutlarla sərgilənir. “Artsax nümayəndələri” də həmin bu şəxslərin nəzarətində olublar”.
Zaur İbrahimlinin sözlərinə görə, Paşinyan hər halda ölkəni qıcıqlandıracaq addımlar atmaqdan çəkinir:
“Bununla belə, kilsəyə qarşı göstərilən qətiyyətli və cəsarətli mövqe həm revanşistlərə həm də bilavasitə revanşistlərin dayaq və yuvası olan “artsax nümayəndəliklərinə” qarşı da göstərilməlidir. Yaxın və uzaq tarixə əsasən Ermənistanda hər zaman revanşist meyillər olacağını demək mümkündür. Bu baxımdan biz hər zaman dezinformasiyaya qarşı cavab vermək gücündə olmalıyıq. İndiki Ermənistanda sülh təşəbbüslərini dəstəkləməliyik, Ermənistan cəmiyyətinin tarixə baxışının daha obyektiv olması üçün çalışmalıyıq. Böyük ermənistan xülyası ideyasından ölkəmizə qarşı istifadə etmək istəyən qüvvələr hər zaman olacaq, ancaq Azərbaycan bütün Cənubi Qafqazda sülhü təmin edən faktordur”.
Fidan İbrahimli
