Azərbaycan-Efiopiya əməkdaşlığı: Afrikada yeni iqtisadi imkanlar
Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi son illər qarşılıqlı maraq doğuran istiqamətlərdən biridir. Bu baxımdan Efiopiya ilə əməkdaşlıq perspektivləri xüsusilə diqqət çəkir. Efiopiyanın Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun açıqlamaları iki ölkə arasında sənaye, enerji və kənd təsərrüfatı sahələrində ticarət potensialının mövcud olduğunu göstərir.
Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan "İnformator.az" a açıqlamasında bildirib ki, Efiopiya ərazisinə görə dünyanın 27-ci ölkəsidir:
"Bu ölkə uzun müddət müstəmləkəçiliyə qarşı mübarizə apararaq öz ərazisində müstəqil dövlətin formalaşmasına nail olub və qədim dövlətlərdən biri hesab olunur. Azərbaycan-Efiopiya münasibətlərini iki əsas istiqamətdə dəyərləndirmək olar: birincisi, Efiopiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, ikincisi isə Türk Dövlətləri Təşkilatı ilə Afrika Birliyi çərçivəsində əməkdaşlıq. Türk Dövlətləri Təşkilatının əsas hədəflərindən biri Afrika ölkələri ilə, o cümlədən Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığı genişləndirmək, iqtisadi əlaqələri gücləndirməkdir. Azərbaycanın həm ikitərəfli münasibətlər, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində Efiopiya ilə əlaqələri inkişaf etdirməsi hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. Tərəflər arasında iqtisadi, mədəni, ictimai və kənd təsərrüfatı sahələrində əməkdaşlıq getdikcə genişlənir".
Həmçinin politoloq qeyd edib ki, Efiopiya əsasən kənd təsərrüfatı ölkəsi olduğundan, bu sahədə Azərbaycanla təcrübə mübadiləsi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur:
"Azərbaycan Efiopiyaya müxtəlif istehsal məhsulları, o cümlədən sənaye maşınları, neft məhsulları və kənd təsərrüfatı texnologiyaları ixrac edə bilər. Bu baxımdan, Efiopiya Azərbaycan üçün Afrikada yeni və perspektivli bazar hesab olunur".
Xumar Emilqızı
