Azərbaycan-Ermənistan sülh sazişi regionda sabitlik üçün böyük addımdır
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını regionda sabitliyin möhkəmlənməsi və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,30 illik müharibə dövründə qlobal şirklər Azərbaycan və Ermənistanda ofis açmırdı:
"Onlar hər iki tərəflə də əlaqə yarada bilmək üçün Gürcüstanda mərkəzi ofis yaradırdırlar. Vaşinqtonda paraflanan sülh sazişi isə regionda yeni imkanlar yaradır. Elə Vaşinqton görüşünün ardından bir neçə iri ABŞ şirkətinin Bakıya səfəri bunu sübut edir. Artıq Bakı və İrəvan problemləri kənar müdaxilə olmadan birbaşa həll edir və əlaqələrin qurulması üçün addımlar atırlar. İlk belə addımı Azərbaycan Prezidenti attı və Ermənistana tranzit yüklərin daşınması üçün bütün qadağaları aradan qaldırdığını elan etdi. Paşinyan da buna cavab olaraq Türkiyə və Azərbaycan arasında Ermənistan vasitəsilə yükdaşımaları təmin etməyə hazır olduqlarını bəyan edib.
BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru bu proses davam edərsə, regionda ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar yarana bilər deyəndə məhz bu amilləri nəzərə alır. Bundan başqa BVF rəsmisi Zəngəzur dəhlizinin açılması ilə regionun əməkdaşlıda yeni mərhələyə qədəm qoyacağını yaxşı anlayır. Çünki Zəngəzur dəhlizi regiona yeni investisiyalar, texnoloji yeniliklər və yeni iş imkanları gətirəcək, turizmin inkişafı üçün münbit şərait yaranacaq".
Aişə Mustafayeva
