Azərbaycan-Ermənistan sülhü gündəmdə
Çin Xalq Siyasi Məşvərət Şurasının Milli Komitəsinin sədr müavini Su Hui İrəvana səfər edib.
Ermənistan parlamentinin mətbuat xidməti məlumat verib ki, Su Hui parlament sədri Abu Simonyonla görüşüb. Tərəflər ölkələr arasında siyasi dialoq, parlamentlərarası əməkdaşlıq və əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin Azərbaycan-Ermənistan münasibətləri, xüsusilə sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı "İnformator. az" a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Çin-Ermənistan münasibətləri Çin-Azərbaycan münasibətləri üzərindən inkişaf edir.
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılma ehtimalı gündəmə gəlib. Bu, Çindən gələn yoldur və Azərbaycandan Ermənistana keçəcək. Bu mənada Ermənistan Çinlə yeni münasibətlər üçün perspektivlər əldə edib. Buna görə də, Azərbaycan hər zaman deyib ki, Azərbaycan torpaqlarını hər zaman işğal etmək, Qarabağ müharibəsinə səbəb olmaq Ermənistanı bölgədə təkləyir. Faktiki olaraq, Ermənistan hər cür iqtisadi proseslərdən kənarda qalıb. İndi münasibətlər düzəldikcə iqtisadi proseslərdən kənarda qalmaq dönəmi də bitir və yeni əlaqələr qurulur. Bu yalnız Çinlə bağlı deyil, qarşıda görəcəyik ki, bu əlaqələr Pakistan, Səudiyyə Ərəbistan kimi ölkələrlə də qurulacaq".
Ayan Eyvazova