Azərbaycan–Ermənistan sərhəd görüşləri keçirilib
Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri sərhəd bölgələrində baş tutub. Bu səfərlər çərçivəsində müzakirələrin mövzusu və əldə olunan nəticələr barədə geniş məlumat ictimaiyyətə açıqlanıb.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli "İnformator.az"a bildirib ki, ümumiyyətlə, son dövrlərdə Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində bir sıra addımlar atılıb:
"Bu prosesdə Azərbaycan və Türkiyə konkret olaraq eyni hədəflər və vəzifələr qarşıya qoyublar. Əsas məqsəd bölgədə sülh və təhlükəsizliyin daimi olması, həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Bu baxımdan Zəngəzur dəhlizi həm Türkiyənin, həm də Azərbaycanın xüsusi maraqlarına cavab verən layihədir. Ona görə də Türkiyə uzun illər Azərbaycan torpaqlarının işğal altında saxlanması səbəbindən Ermənistanla münasibətləri donduraraq heç bir siyasi, diplomatik və iqtisadi əlaqə qurmayıb. Lakin Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə və antiterror əməliyyatından sonra ərazi bütövlüyünü tam bərpa etməsi bölgədə yeni siyasi reallıqlar yaradıb. Bu reallıqlar fonunda həm Azərbaycan–Ermənistan, həm də Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində görüşlər keçirilir.
Əlbəttə, bu görüşlərin bundan sonra da davam edəcəyi şübhəsizdir. Çünki məqsəd və hədəflər mövcuddur. Bütün bu hədəflər isə bölgədə sabitliyin qorunub saxlanması, iqtisadi əməkdaşlığın gücləndirilməsi və iqtisadi şaxələndirmənin həyata keçirilməsindən ibarətdir".
Ekspert əlavə edib ki, burada Zəngəzur dəhlizi xüsusi önəm daşıyır:
"Çünki dəhliz açıldıqdan sonra həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistan üçün iqtisadi baxımdan böyük dividendlər əldə olunacaq. Digər tərəfdən, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Azərbaycanın haqlı tələbi isə ondan ibarətdir ki, Ermənistan öz konstitusiyasında dəyişiklik etsin və bu iddialardan əl çəksin.
Görüşlər zamanı həm iqtisadi, həm siyasi məsələlər, həm də Konstitusiyada dəyişiklik edilməsi ilə bağlı mövzular müzakirə olunur. Bununla yanaşı, delimitasiya və demarkasiya prosesi də gündəmdədir ki, bu da Azərbaycan üçün son dərəcə vacib məsələdir. Azərbaycanın mövqeyi isə yenidən həm Türkiyə, həm də Ermənistan tərəfinə haqlı və ədalətli şəkildə çatdırılacaqdır".
Türkan Kərimli