Azərbaycan-Gürcüstan arasında ticarət və tranzit əməkdaşlığı genişlənir
Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi və tranzit əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Son görüşlərdə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının genişləndirilməsi və mövcud nəqliyyat infrastrukturundan daha səmərəli istifadə məsələləri əsas müzakirə mövzuları olub.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, regionda mövcud vəziyyət və perspektivlik diqqət çəkən mövzulara daxildir. Azərbaycanla Gürcüstan arasında iqtisadi və tranzit əlaqələri artıq formalaşmış və dayanıqlı xarakter daşıyır:
“Bizim Gürcüstanla onsuz da sıx əlaqələrimiz mövcuddur. Burada söhbət ondan gedir ki, hazırda Gürcüstan ərazisi vasitəsilə Ermənistan istiqamətində həyata keçirilən tranzit müvəqqətidir. Aydındır ki, bir müddətdən sonra biz birbaşa Ermənistan sərhədinə keçid edə biləcəyik. Ermənistanla sərhədlər açıldıqdan və Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bu addım Ermənistanla tədricən iqtisadi və ticarət əlaqələrinin qurulmasına gətirib çıxaracaq. Bu, regionun tranzit və ticarət əlaqələrinə çox güclü təsir edəcək. Üç Cənubi Qafqaz respublikası arasında sıx əlaqələr və yeni layihələr formalaşacaq. Bu proses faktiki olaraq Ermənistanla iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq. Gələn ildən Ermənistanın Türkiyə ilə sərhədləri qismən açması mümkündür. Bu da Gürcüstan-Ermənistan-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq”.
Əkrəm Həsənov həmçinin hesab edir ki, tranzit imkanlarının artması ticarətin inkişafı üçün əsas şərtlərdən biridir:
“Harada tranzit varsa, ticarət də var. Bu, həmin dövlətlərin xeyrinədir. Siyasi və iqtisadi baxımdan bu proses bütün region ölkələri üçün faydalıdır. İlk növbədə isə uzun müddət blokada şəraitində olan Ermənistan üçün əhəmiyyətlidir”.
Fatimə Hüseynli
