"Azərbaycan Gürcüstanın torpaq bütövlüyünü olduğu kimi tanıyır"
Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib. İrakli Çikovani bildirib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.
O, Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Məlumatla bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Gürcüstan və Azərbaycan dövlətləri uzun illərdir separatizm adlanan təhlükə ilə qarşı-qarşıya qalmış ölkələrdir və həm Gürcüstan, həm də Azərbaycan çox yaxşı başa düşür ki, nə Abxaziya və Asetiyada, nə də Dağlıq Qarabağda yaşayan insanların suverenlik tələbi ilə deyil, Rusiyanın Cənubi Qafqazı nəzarətdə saxlamaq arzusu və istəyi ilə bu bölgələr uzun illər konflikt və qarşıdurma məkanı olub:
"Azərbaycanın 44 günlük müharibədən sonra Cənubi Qafqazdakı status-kvonu dəyişdirməsi və yeni reallıqlar gətirməsi Gürcüstana da müəyyən mənada Asetiya və Abxaziyanı geri qaytarmaq üçün yeni bir şans qazandırır. Bu baxımdan Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasındakı görüş də həmin istiqamətdə atılmış addım kimi qiymətləndirilə bilər.
Biz çox yaxşı bilirik ki, Gürcüstanın bugünkü iqtidarı, yəni idarəetmə forması Saakaşvili dövründən fərqli olaraq daha çox Rusiyaya meyllidir. Bu iqtidarın belə bir mərhələdə Rusiyaya qarşı addım atması, Rusiyanın qəbul etdiyi Asetiya və Abxaziya kimi qondarma dövlətləri öz torpaqlarına qatmağa cəhd göstərməsi bir qədər çətindir. Amma Azərbaycan bu addımı ataraq Gürcüstanın həm torpaq bütövlüyünü tanımaq, həm də Cənubi Qafqazda söz sahibi bir ölkə kimi mövqeyini dəstəkləmək istədiyini nümayiş etdirir.
Bu cür açıqlamalar, təbii ki, Müdafiə Nazirliyi vasitəsilə də səsləndirilir. Ölkələrimiz arasında uzunmüddətli sülhə və sabitliyə töhfə vermək məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirilə bilər. Bu fəaliyyətlər arasında Bakı–Ceyhan boru xətti kimi böyük regional layihələri də göstərmək mümkündür. Regional əməkdaşlıq və ikitərəfli iqtisadi əlaqələr Cənubi Qafqazda sülh və sabitliyin təminatçısı kimi mühüm rol oynayır.
Əgər söhbət müdafiə nazirlikləri arasındakı əməkdaşlıqdan gedirsə, o zaman birgə təlimlərin keçirilməsi ehtimalı böyükdür. Vaxtilə Gürcüstanda NATO çərçivəsində, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bir çox təlimlər keçirilmişdi. Bu çərçivədə Azərbaycan və gürcü hərbçiləri birgə təlimlər keçirərək Cənubi Qafqazda terror, separatçılıq və digər təhlükələrə qarşı mübarizə strategiyası hazırlaya bilərlər.
Eyni zamanda, hərbi təhsil və hərbi təcrübə mübadiləsi də mümkündür. Gürcüstanın özünəməxsus hərbi təcrübəsi var. Azərbaycanın isə 44 günlük müharibədən sonra əldə etdiyi təcrübə və müasir hərbi texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının istifadəsində qazandığı üstünlük bütün dünyada tanınır.
Bu istiqamətdə texniki əməkdaşlıq da mümkündür. Azərbaycan Gürcüstana bu sahədə bir çox faydalı təcrübə ötürə bilər və Gürcüstan da bu təcrübədən həm öz təhlükəsizliyini möhkəmləndirmək, həm də gələcəkdə torpaq bütövlüyünü bərpa etmək – yəni Abxaziya və Asetiya kimi separatçı regionları yenidən ölkə tərkibinə qaytarmaq məqsədilə yararlana bilər.
Sonda onu demək olar ki, Gürcüstanın Azərbaycandan hərbi sahədə öyrənəcəyi çox şey var və bu, daha çox Gürcüstan üçün sərfəlidir. Lakin Azərbaycan bir qonşu dövlət kimi öz borcunu yerinə yetirir, Gürcüstanla dost münasibətləri inkişaf etdirir və Gürcüstanın torpaq bütövlüyünü olduğu kimi tanıyır. Həmçinin, eyni münasibətin Azərbaycan üçün də tətbiq ediləcəyinə ümid edir".
Gülay Səlifova
