00:00:00
Yazar
Admin User
11.04.2025 17:29 337 2 dəq oxuma
Siyasət

Azərbaycan hərbçiləri 9 May Qələbə paradında iştirak edəcək

Azərbaycan hərbçiləri 9 May Qələbə paradında iştirak edəcək

 

Bu il Moskva şəhərində keçiriləcək 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin 80 nəfərlik hərbi kontingenti iştirak edəcək. Bu barədə məlumatı Rusiya Federasiyasında Azərbaycan Respublikasının səfiri Rəhman Mustafayev açıqlayıb.

 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a verdiyi müsahibədə bildirib ki, Azərbaycan hərbçilərinin bu paradda iştirakı çoxsaylı səbəblərlə böyük önəm daşıyır. Onun sözlərinə görə, bu, ilk növbədə Azərbaycanın İkinci Dünya müharibəsində – daha dəqiq desək, Böyük Vətən müharibəsində göstərdiyi misilsiz fədakarlığın və töhfənin tanınmasıdır.

 

Deputat xatırladıb ki, həmin dövrdə Azərbaycanın əhalisi təxminən 3,4 milyon nəfər olub və bu əhalinin 681 min nəfəri müharibəyə səfərbər edilib. Yəni əhalinin hər beş nəfərindən biri döyüş meydanına yollanıb. Onlardan 350 min nəfəri qəhrəmancasına həlak olub, 400 min nəfərdən çox insan isə orden və medallarla təltif olunub. Bundan əlavə, 123 nəfər azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

 

Politoloq qeyd edib ki, Azərbaycan təkcə canlı qüvvə ilə deyil, həm də iqtisadi potensialı ilə müharibəyə mühüm töhfə verib. Bakıdan cəbhəyə göndərilən neftin həcmi 75 milyon tonu ötüb. Həmin dövrdə cəbhənin yanacaq tələbatının 80 faizi məhz Azərbaycan tərəfindən qarşılanıb. Bu faktlar Azərbaycanın qələbədə mühüm rol oynadığını sübut edir.

 

Paradda iştirakın başqa bir əhəmiyyəti isə, politoloqun fikrincə, faşizmə qarşı mübarizədə həyatını itirən soydaşlarımızın ruhuna ehtiram göstərməkdir. Onun sözlərinə görə, bu, həm də Azərbaycan və Rusiya arasındakı konstruktiv və dostluq münasibətlərinin nümunəsidir. "Azərbaycanın bu tədbirdə iştirakı tərəflər arasında siyasi və tarixi dəyərlər baxımından anlayışın və həmrəyliyin göstəricisidir," – deyə vurğulayıb.

 

Politoloq bildirib ki, bu cür tədbirlər bir daha dünyaya faşizmin bəşəriyyət üçün necə təhlükəli bir ideologiya olduğunu xatırladır. Paradlar yalnız hərbi güc nümayişi deyil, eyni zamanda tarixə və ortaq dəyərlərə hörmətin simvoludur:

 

"Bu parad post-sovet ölkələri arasında ortaq yaddaşın və birliyə əsaslanan münasibətlərin simvoludur və Azərbaycanın orada iştirakı həm tarixi, həm də siyasi baxımdan tam əsaslandırılmışdır. Hazırda Azərbaycan hərbçilərinin parad öncəsi təlimlərdə iştirak etmək üçün Rusiyaya səfəri planlaşdırılır".

 

Ümumilikdə, Azərbaycan hərbçilərinin 9 May Qələbə paradında iştirakı həm tarixi yaddaşın yaşadılması, həm də dövlətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın İkinci Dünya müharibəsindəki böyük töhfəsinin və qəhrəmanlıq tarixinin bir daha xatırladılmasıdır. Eyni zamanda, bu iştirak faşizmə qarşı ortaq mübarizə ruhunu və ümumbəşəri dəyərlərin qorunmasını simvolizə edir. Belə tədbirlər xalqlar arasında həmrəylik və dostluğun möhkəmləndirilməsinə də xidmət edir. Azərbaycanın bu prosesdə fəal mövqeyi isə beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.

 

Güllər Gülhüseynova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər