Azərbaycan ilə San-Marino arasında fikir mübadiləsi aparılıb
Azərbaycan ilə San-Marino arasında münasibətlərin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı olaraq siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan, demək olar ki, bütün ölkələrlə əlaqələr saxlayır:
“Azərbaycan, demək olar ki, bütün ölkələrlə yaxın əməkdaşlıqda maraqlı görünür. Bu, dövlətlərin böyüklüyünə və əhalisinin sayına baxmadan həyata keçirilir. Bildiyiniz kimi, San-Marino dünyanın ən kiçik ölkələrindən biri hesab olunur, lakin iqtisadi baxımdan kifayət qədər zəngin dövlətlər sırasındadır. Hesab edirəm ki, belə bir ölkə ilə Azərbaycanın əməkdaşlığı ölkəmiz üçün də müəyyən faydalar verə bilər.
Təbii ki, San-Marino bu əməkdaşlıqdan daha çox qazanan tərəf olacaq, çünki Azərbaycan nə San-Marino, nə də digər kiçik dövlətlərlə müqayisə edilə bilməz. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir ,istər iqtisadi, istərsə də siyasi baxımdan daha ön sıralarda qərarlaşır.
Dediyim kimi, Azərbaycan dövlətlərin nə qədər böyük və ya güclü olmasından asılı olmayaraq, bütün ölkələrlə yaxın əməkdaşlıq qurmağa çalışır. San-Marino da bu ölkələr sırasındadır. Bu ölkə ilə siyasi dialoqun qurulması da Azərbaycan üçün əhəmiyyətlidir.Azərbaycanla San-Marino arasında münasibətlərin inkişaf perspektivlərinə ciddi mane ola biləcək hər hansı bir ölkə və ya qüvvənin olduğunu düşünmürəm. Əgər diqqət yetirsək, bu açıq şəkildə görünür. Azərbaycan xarici siyasətində müstəqil bir dövlət olaraq, hansı ölkə ilə münasibət quracağını özü müəyyən edir. San-Marino da hər nə qədər kiçik olsa da, öz xarici siyasətini müstəqil şəkildə yürüdən dövlətdir.
Regional təhlükəsizlik və sabitlik baxımından, Azərbaycan yerləşdiyi Cənubi Qafqazda, San-Marino isə Avropada öz rolunu oynayır. İki ölkə arasında əlaqələr, dolayısı ilə, yerləşdikləri regionlarda təhlükəsizlik və sabitliyin qorunmasına da töhfə verə bilər.
Belə əməkdaşlıqlar vacibdir. Gələcəkdə də San-Marino kimi digər kiçik dövlətlərlə əməkdaşlıq Azərbaycan üçün əhəmiyyətli ola bilər. Unutmayaq ki, dünyanın ən kiçik dövləti olan Vatikanın beynəlxalq aləmdəki rolu çox böyükdür. Azərbaycanla Vatikan arasında münasibətlərin yüksək səviyyədə olduğunu da hamımız bilirik. Bu, kiçik dövlətlərlə qurulan əlaqələrin nə qədər strateji əhəmiyyət kəsb etdiyini göstərən nümunədir".

Arzu Poladova
