Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Bu gün İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ölkənin xarici işlər naziri Abbas Arakçı ilə görüşüb.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və İran arasında münasibətlərin istiləşməsində hər iki tərəf maraqlıdır:
“Azərbaycanın dövlət siyasəti bütün qonşularla xoşməramlı əlaqələrin inkişafı, sülh və sabitlik şəraitində dostluq əlaqələrinin davam etməsi prioritet təşkil edir. İran Prezidenti Məsud Pezeşkiyan da bu siyasəti təqlid edir və xüsusən Azərbaycan ilə əlaqələrin daha da sıxlaşmasında maraqlı görünür. Təbii ki, İran hakimiyyətinin mürəkkəb quruluşa malik olması, ikili və daha çox hakimiyyət qollarına bölünməsi, bunun nəticəsində də prezidentin tam səlahiyyətli olmaması bu münasibətləri sürətlə inkişaf etdirməyə imkan vermir. Amma buna baxmayaraq, son zamanda hər iki ölkə arasında yüksək səviyyəli səfərlər baş tutub, müxtəlif sahələrdə razılaşmalar olub, yaxınlaşma müşahidə edilib.
Xüsusən ABŞ-nin və İsrailin İrana ciddi təzyiqləri, daxildəki çaxnaşmalar və hakimiyyət böhranı qonşularla münasibətlərin isti olmasını labüdləşdirir. İndi İranın ABŞ və İsrailin hədəfində olması, daxildəki üsyanlar Azərbaycan ilə ikitərəfli münasibətlərin müsbət yöndə inkişafına şərait yaradır. Ancaq İrandakı mühafizəkar qol bu əlaqələrin inkişafında maraqlı deyil. Yalnız təhdid, müharibə və ideoloji savaş, inqilabçı ruhda olan mühafizəkarlar qrupu əslində İranın özünü ağır duruma salıb və xalqın etiraz dalğası böyüməkdədir.
İndiki şəraitdə İranın Azərbaycan kimi sabitqədəm siyasət aparan qonşu ölkələrlə isti münasibətinə böyük ehtiyac var. İran prezidenti bunu gözəl anlayır və qiymətləndirməyə çalışır. Ona imkan verildiyi qədər bu münasibətləri yaxınlaşdırmağa çalışır. Azərbaycanın səmərəli və bölgə üçün yalnız sülhə, inkişafa xidmət edən xarici siyasəti İranın da tam olaraq ölkəmizə qarşı münasibətinin istiləşməsinə səbəb olur”.
Aytac İbrahimova
