"Azərbaycan–İran–Rusiya üçtərəfli görüşü regional əməkdaşlığın yeni mərhələsidir"
Oktyabrın 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında Bakı şəhərində üçtərəfli görüş keçirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib ki,bu gün Bakıda keçirilən Azərbaycan–İran–Rusiya üçtərəfli görüşü regional əməkdaşlığın yeni mərhələsidir:
"Görüşün əsas məqsədi üç ölkə arasında iqtisadi, nəqliyyat və enerji sahələrində əlaqələri daha da gücləndirməkdir. Bakı üçün bu format regionda tranzit və logistika mərkəzinə çevrilmək baxımından əhəmiyyətlidir. İran üçün bu görüş iqtisadi əlaqələrin genişlənməsi və yeni nəqliyyat imkanlarının formalaşması deməkdir. Rusiya isə bu əməkdaşlıq vasitəsilə Cənub istiqamətində etibarlı tərəfdaşlıq zənciri qurmaq niyyətindədir. Şimal–Cənub Nəqliyyat Dəhlizi bu görüşün əsas gündəm mövzularından biridir və bu layihə hər üç ölkənin maraqlarını bir nöqtədə birləşdirir. Azərbaycan bu dəhlizin əsas həlqəsinə çevrilərək həm iqtisadi gəlir, həm də siyasi nüfuz qazanır. Üçtərəfli əməkdaşlıq həmçinin regionda sabitliyin möhkəmlənməsi və yeni ticarət marşrutlarının açılması baxımından mühümdür".
Politoloq həmçinin qeyd edib ki, Bakı burada təşəbbüskar və balanslaşdırıcı rol oynayır:
İranla münasibətlərdə qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri ön plandadır. Rusiya ilə əlaqələr isə enerji və nəqliyyat sahəsində strateji tərəfdaşlıq səviyyəsindədir. Bu görüş həm də region dövlətlərinin öz aralarında dialoqun səmərəli ola biləcəyini göstərir. Hər üç ölkə üçün iqtisadi maraqların uzlaşması, sabitliyin qorunması və birgə inkişaf əsas prioritetdir. Bakı görüşü həm iqtisadi, həm də siyasi baxımdan mühüm bir mərhələni təmsil edir. Azərbaycan bu platformada öz diplomatik çevikliyini bir daha nümayiş etdirib. İran və Rusiya üçün isə bu qarşılıqlı etimadın və praktiki əməkdaşlığın təməlini gücləndirən addımdır. Üçtərəfli görüş regional inteqrasiyanın gələcəyinə ümidverici impuls verir”.
Aişə Mustafayeva
