Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclası keçirilib
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Mövzu ilə bağlı politoloq Telman Nüsrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə Dövlətləri Təşkilatının kriminalistlər qurumunda Macarıstan bizim üçün xüsusi əhəmiyyətə malik ölkələrdən biridir:
“Təsadüfi deyil ki, TDT-nin Avropa ofisi də məhz Macarıstanda yerləşir. Macarıstan Avropa İttifaqının üzvü olsa da, digər Avropa ölkələrindən fərqli olaraq, siyasət baxımından Şərqə və türk dünyasına daha yaxın mövqe sərgiləyir və ortaq maraqların uzlaşdırılmasında önəmli rol oynayır. Azərbaycan ilə Macarıstan arasında ortaq tarixi və mədəni bağlar, eyni zamanda dostluq və qardaşlıq münasibətləri mövcuddur. Macarıstanın TDT-də müşahidəçi statusu da bu yaxınlığı daha da gücləndirir.
Siyasi və iqtisadi baxımdan Macarıstan, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafında mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri və yüksək texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin maraqlarına xidmət edir. Gələcəkdə əldə olunacaq yeni razılaşmaların bu əməkdaşlığı daha da genişləndirəcəyi gözlənilir. Xüsusilə enerji sahəsi, həmçinin yüksək texnologiyalar və milli müdafiə sənayesi üzrə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə birgə fəaliyyətin yaxın illərdə daha da inkişaf etdirilməsi nəzərdə tutulur”.
Fidan Alışova
