00:00:00
Yazar
Admin User
03.12.2025 18:50 141 3 dəq oxuma
Siyasət

Azərbaycan orbitə “Zəfər” adlı məktəbli peykini buraxıb

Azərbaycan orbitə “Zəfər” adlı məktəbli peykini buraxıb

Azərbaycan tarixində ilk dəfə olaraq məktəblilərin hazırladığı“Zəfər” (“Azərbaycanın Zəfəri”) adlı minipeyk uğurla orbitə çıxarılıb. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov brifinq zamanı açıqlayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, bu missiya “Azərkosmos”un nəzdində KOSMİK Akademiyanın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə Təhsil İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” MMC, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutub:

 

"Təbii ki,layihənin “Azərbaycanın Zəfəri” adlandırılması təsadüfi deyil. Peyk Vətən müharibəsində qazanılan şanlı Zəfərdən ilhamlanaraq hazırlanıb və məktəblilərin vətənpərvərlik ruhunu, yaradıcılıq potensialını və texnologiyaya marağını artıran mühim təşəbbüsdür.

 

Azərbaycan məktəblərinin iştirakı ilə reallaşdırılan bu təşəbbüs regionda ən geniş texniki-innovasiya proqramlarından biri hesab olunur. Ölkənin 41 məktəbindən 672 şagird layihədə iştirak edib. Bu, gənclərin gələcəkdə kosmik texnologiyalar, mühəndislik və proqramlaşdırma sahələrində bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək. Bu cür layihələr gənclərimizin Azərbaycan kosmik texnologiyalarının inkişafında iştirakını genişləndirir və onların gələcək innovasiya layihələrində mühüm rol oynayacağına əminlik yaradır. Azərbaycan gəncləri artıq bu böyük dəyişikliklərin bir parçasıdır və texnologiya liderlərinin yetişdirilməsi istiqamətində işlər müvafiq qurumlar tərəfindən davam etdiriləcək.

 

Məktəblilərin kosmik layihələrdə iştirakı STEAM təhsili üçün ciddi imkanlar açır və şagirdlərin gələcək karyera seçimlərinə həm elmi, həm də texnoloji peşələrə böyük təsir göstərə bilər.

 

Məktəblilərin kosmik layihələrdə iştirakı zamanı kosmos layihələri - peyk dizaynı, model hazırlamaq, data analiz, mühəndislik məsələləri şagirdlərə nəzəri biliyi praktiki şəkildə tətbiq etmək imkanı verir ki, bu da öz növbəsində çoxşaxəli bacarıqların inkişafına gətirib çıxara bilir. Təbii ki, bütün bunlar da uşaqlar üçün motivasiyaedici və ilhamverici mövzular olur. Belə layihələr gəncləri elmə, texnologiyaya, tədqiqatlara cəlb edir.  

 

Qeyd edilən nüanslar məktəblilərin daha çox texnologiya, mühəndislik, fizika, kosmos elmləri kimi istiqamətlərə yönələ bilməsinə təsir edən ən mühüm fakor kimi qiymətləndirilə bilər. Araşdırmalar göstərir ki, məktəb yaşında kosmik və elm layihələrində iştirak edən şagirdlər sonradan STEM ixtisaslarına - məsələn fizika və mühəndislik yönəlmək ehtimalı daha yüksək olur.  Kosmik texnologiyalar, peyk, aerokosmik sənaye, məlumat analizləri, proqramlaşdırma kimi sahələrdə peşələr var. Məktəbdə bu istiqamətlərlə tanışlıq, ilkin bacarıqlar yaratmaq gənclərə gələcəkdə rəqabət üstünlüyü verə bilər.  

 

“Azərkosmos” və nəzdində fəaliyyət göstərən “KOSMİK Akademiya”-nın təşəbbüsü ilə məktəblilərin peyk və kosmik layihələrə cəlb olunması Azərbaycanda elmi-texnoloji təhsildə yeni mərhələdir. Bu cür təşəbbüslər ölkənin gənc insan kapitalını inkişaf etdirir, gələcək aerokosmik, mühəndislik, texnologiya sahələrində kadr bazası yaradır".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Aİ mütəxəssisi, Alas Academy direktoru Natiq Məmişov bildirib ki, əslində, bu layihə tam şəkildə məşğələ (praktiki) təhsil formatında hazırlanıb və Kosmik Akademiyanın tərkibində həyata keçirilir:

 

"Burada əsas məqsəd odur ki, tələbələr layihəni yalnız nəzəri səviyyədə deyil, real şəkildə dizayn etsinlər, qurub işlək vəziyyətə gətirsinlər və praktik mühitdə sınaqdan keçirsinlər.

 

Bu yanaşmanın müsbət tərəflərindən biri də ondan ibarətdir ki, əgər bu kadrların hazırlığına ciddi yanaşılsa, onlara uyğun laboratoriyalar və texnoloji sistemlər yaradılarsa, gələcəkdə bu tələbələrin daha yüksək səviyyəli layihələrə cəlb olunması mümkündür. Hətta onların təlimlərinin bura gətirilməsi, yerli şəraitdə təkmilləşdirilməsi də reallaşdırıla bilər.

 

Məsələn, 10-15 il sonra bu uşaqlar çox ciddi texnoloji işlərə imza ata bilərlər. Amma bunun üçün mütləq şəkildə təlim, infrastruktur, laboratoriyalar və startap ekosistemi formalaşmalıdır. Bununla yanaşı, tərəfdaşlarla geniş proqramlar həyata keçirilməlidir.Mənim bildiyim qədərilə bu proqram həm də "Zəfər Halqası"nın 9 platforması ilə inteqrasiya olunub və Braziliyanın Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Bu da o deməkdir ki, Azərbaycan artıq sadəcə passiv müştəri ölkə yox, aktiv texnoloji tərəfdaş mövqeyinə keçə bilər. Bu isə kifayət qədər müsbət və strateji önəm daşıyan bir haldır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər