“Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir”
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata birgə bəyanatlarında siyasi və iqtisadi əməkdaşlığı müzakirə ediblər. İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşdiyini, Slovakiyanın isə güclü sənaye potensialına və müstəqil siyasətinə görə qiymətləndirildiyini deyib. Tərəflər həmçinin İT və data mərkəzləri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin Slovakiya səfəri əhəmiyyətli hadisədir:
“Slovakiya və Azərbaycan arasında artıq strateji tərəfdaşlıq səviyyəsində münasibətlər formalaşıb və bu münasibətlər getdikcə dərinləşib. Azərbaycan - Slovakiya münasibətləri çoxşaxəli münasibətlər sistemidir və burada enerji, nəqliyyat, logistika istiqamətləri ilə yanaşı, müdafiə sənayesi sahəsində, o cümlədən, Aİ və data mərkəzlərinin yaradılması ilə bağlı əlaqələr genişlənməkdədir. Və dünənki səfərdə də, gələcəkdə bu istiqamətdə daha ciddi addımların atılacağı qeyd olunub. O cümlədən, Azərbaycan, Slovakiyanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb, etibarlı bir tərəfdaş statusundadır. Azərbaycanın orta dəhlizdə rolunun artması, əlbəttə ki, Azərbaycanın mövqeyinin güclənməsinə gətirib çıxarır. Eyni zamanda, bu, həm Avropa, həm də Slovakiya üçün də əhəmiyyətli və müsbət amil sayılır. Belə ki, orta dəhlizin getdikcə artan rolu və Asiyadan Avropaya daşınan yüklərin həcminin artması və daşınma müddətinin azalması hər kəsin mənafeyinə uyğundur. Slovakiyanı da, nəzərə alsaq ki, Güney Qafqaz, Orta Asiya və Çinlə əlaqələri baxımından bu dəhliz çox önəmlidir və Azərbaycan kimi etibarlı strateji tərəfdaşın mövqeyinin güclənməsi də maraqlarına uyğundur. Əlbəttə, Slovakiya son dövrlər özünün xarici siyasətində müstəqil addımlar atmaq cəhdləri ilə seçilir. Belə ki, bir çox məsələlərdə Slovakiyanın mövqeyi Avropa İttifaqının mövqeyindən fərqlənir. Slovakiya özünün milli maraqlarını məhz ümumi birlik maraqlarından üstün tutmaqla bəzən də tənqidlərə tuş gəlir. Əlbəttə ki, bu, Slovakiyanın özünün müəyyən etdiyi bir mövqedir. Azərbaycan da ona hörmətlə yanaşmaqdadır. Amma önəmli olan bizim münasibətlərimizin dərinləşməsi və bunun getdikcə daha çox şaxələnməsidir ki, bu hər iki tərəfin mənafelərinə uyğun münasibətdir “.
Reyhan Quliyeva
